İsmayıllı şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, ömrünün 41-ilini pedaqoji fəaliyyətə həsr etmiş, 2005-ci ildə Respublika Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Aida İskəndərlinin “Ömrümə bəzək şagirdlərim” adlı yeni kitabı işıq üzü görüb.

Hafta.az-ın yazdığına görə, uğurlu pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi şagirdlərin respublika və rayon olimpiadalarındakı qalibiyyətlərini, müvəfəqiyyətlərini əks etdirən kitabın təqdimat mərasimində rayonun nüfuzlu nümayəndələri, elm xadimləri, eləcə də müəllimin dərs dediyi şagirdlər iştirak edib.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Aida xanımın fəaliyyətindən söz açıb, yeni işıq üzü görmüş kitabının əhəmiyyətini vurğulayıb, hazırda respublikada müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışan kadrlar yetişdirdiyi üçün müəllifə təşəkkür edib.

Daha sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov müəllifə Fəxri Fərman təqdim edib. Bundan başqa müəllifə İsmayıllı Rayon 1 nömrəli tam orta məktəbin Fəxri Fərmanı da təqdim olunub.
Sonda kitabda uğurlarından danışılan şagirdlərlə birlikdə xatirə şəkli çəkilib.