AQTA: Ölkəmizdə epizootoloji vəziyyət sabitdir

17:02 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər aparılıb.

Bu barədə hafta.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər respublikanın 55 rayon və şəhərini (Naxçıvan Muxtar Respublikası daxil) əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib.

Tədbirlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbiii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin müvafiq ərazi bölmələrinin əməkdaşları iştirak ediblər.

Monitorinqlər zamanı ümumilikdə 3223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb.

“Nəticələrə əsasən, xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı epizootoloji göstərici müəyyən olunmayıb. Bu, hədəf xəstəliklər üzrə epizootoloji vəziyyətin sabit olduğunu göstərir”, - deyə məlumatda vurğulanıb.