Akademik Zərifə Əliyevanın 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

15:40 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, aparatın şöbə müdirləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Zərifə Əliyevanın yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə Əliyeva bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.

“Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. O, hər zaman həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub”, - başçı deyib.

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulayıb.

Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, o, zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla adını tarixə yazdırıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. “Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük”, - Q.Əliyev deyib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, bir daha akademik Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib.