Ali Məhkəmə hüquqşünaslara müraciət edib

14:29 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali Məhkəmə Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib.

Ali Məhkəmənin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına kömək göstərməkdir.

Elmi-məsləhət şurasının ilk iclasının iyunun 23-də keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” mövzusu üzrə müzakirələr təşkil olunacaq.

Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir.

Bu qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin iyunun 9-dək bu elektron ünvana [email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.