San-Fransiskonun ən əhəmiyyətli simvollarından olan Alkatraz adasında dünyanın ən məşhur həbsxanası kimi tanınan və filmlərə mövzu olan Alkatraz Həbsxanası da var.
Hafta.az-ın yazdığına görə, ada ictimai turizm sahəsi kimi istifadə olunmağa başladığı 1973-cü ildən bəri hər il 1,5 milyon turisti qəbul edir.
San-Fransiskonun simvollarından olan Alkatraz adası 1861-1963-cü illər arasında həbsxana kimi istifadə edilib. Bir müddət San Fransiskonun müdafiəsi üçün istifadə edilən ada 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrilib. Həbsxanada italyan əsilli amerikalı mafiya lideri Al Kapone, "Dok" Barker, “Pulemyot Kelli” kimi tanınan Corc Kelli, “Alkatrazın quşçusu” kimi tanınan Robert Franklin Stroud, sürücü Floyd Hamilton kimi bir çox "məşhur" cinayətkarlar olub.

Məhkumlar arasında heç bir imtiyazın olmadığı məşhur həbsxanada dustaqları adlarla deyil, nömrələrlə çağırırmışlar.
Qaçışın çox çətin olduğu həbsxana şəraitinə görə əsir düşərgəsinə bənzədilib.
Həbsxananın kitabxanasından yararlanmaq üçün tələb ən azı 5 il ərzində heç bir problem yaratmayan məhkum olmaq idi.
Buradakı dustaqlara yemək, geyim və tibbi yardımdan başqa heç nə verilməyib. Əksər məhbuslar sutkada 23 saatını kameralarında keçirir, şanslılar isə fürsət düşsə, 1 saat təmizlikçi kimi çölə çıxa bilirdilər.
O zaman Amerika həbsxanalarında məhbuslar soyuq su ilə yuyunduğu halda, Alkatrazdakı məhbuslar xüsusilə isti su ilə təmin edilirdilər. Buna səbəb qaynar suya alışmış məhbusların qaçmaq istəyini azaltmaq, hətta mümkünsüz etmək idi. Qaynar suya alışmış heç bir məhbus yay aylarında belə buxtanın dondurucu soyuq sularında çimərək adadan qaçmağa cürət etmirdi.

Alkatraz həbsxanası 1963-cü ildə bağlanıb. Əməliyyat zamanı 14 qaçış cəhdi olub. Bunlardan ən məşhuru, filmlərin mövzusu Frank Morrisin başçılıq etdiyi Con və Klarens Anqlin qardaşlarının qaçması idi.
Morris və Anqlin qardaşları həftələrlə heç kimin fərqinə varmadan kameralarındakı çox kiçik ventilyasiya vasitəsilə dəhlizdə bir deşik açdılar və mühafizəçilərin hər saat onları yoxlamağa gələcəyini bildikləri üçün özlərinin maketlərini düzəldərək guya yatıblarmış kimi çarpayıda yataqlarına uzadıblar. Məhkumlar hətta əsl saçlarını qırxaraq modellərin başlarına yapışdırıblar.
Buradakı dəmir barmaqlıqları əyərək dama çıxan sözügedən üç məhbus dəhlizdən havalandırmaya qalxdıqdan sonra su borularından yapışıb aşağı enərək 11 iyun 1962-ci ildə yoxa çıxıblar.
Rəsmi məlumatlara görə, Morris və Anqlin qardaşlarından hələ də xəbər yoxdur. Lakin 2013-cü ildə San-Fransisko Polis Departamentinin Riçmond stansiyasına "Mənim adım Con Anqlindir. 1962-ci ilin iyununda qardaşım Klarens və Frank Morrislə birlikdə Alkatrazdan qaçdım. 83 yaşım var və vəziyyətim pisdir. Xərçəng xəstəsiyəm. Bəli, o gecə hamımız sağ qaldıq, amma çox çətinliklə!" İfadələri olan məktub qalıb.
Federal Təhqiqatlar Bürosunun dediyinə görə, bu məktub agentliyin ikonik açılmamış işi yenidən açmağa məcbur edən son dəlil ola bilər.
San-Fransisko körfəzində sahildən 2,4 kilometr (1,5 mil) məsafədə yerləşən və 9 hektar ərazini əhatə edən Alkatraz adası 1973-cü ildən ictimai turistik məkan kimi istifadə olunur.
Ada hər il təxminən 1,5 milyon turisti qəbul edir.