Almaniya Kansleri Fridrix Merts ABŞ və İsrailin İrana hücumu ilə beynəlxalq hüququn pozulmasına dair iddialara münasibət bildirib.
Hafta.az xəbər verir ki, Kansler “Tagesthemen” proqramına açıqlamasında bu barədə deyib:
“Onilliklər boyu beynəlxalq hüquq əsasında danışıqların aparıldığı, lakin qarşı tərəfin nəinki razılaşmaya hazır olmadığı, əksinə, nüvə arsenalını getdikcə artırdığı bir vəziyyətdə nə etmək lazımdır?”
F.Merz gec addım atmanın daha böyük nəticələr doğura biləcəyinə işarə edərək deyib:
“Elə bir məqam da gələ bilər ki, artıq gec olsun və mən çox gec olan bir məqam üçün məsuliyyət daşımaq istəmirəm. Çünki bir gün bizdən “beynəlxalq hüquqa uyğun hərəkət etdinizmi?’ deyə soruşmayacaqlar, əksinə “niyə bunun qarşısını daha əvvəl almadınız?” deyə soruşacaqlar”.
Buna baxmayaraq, beynəlxalq hüququn köhnəlmiş model olmadığını qeyd edən F.Merts bildirib:
“Biz Almaniya Federativ Respublikası olaraq hər zaman vurğulamaq istəyirik ki, beynəlxalq hüququn normalarına əməl olunmasını istəyirik. Biz qətiyyən ikili standart tətbiq etmirik. Amma eyni zamanda sual da vermək lazımdır. Beynəlxalq hüququn qaydaları son həddinə çatanda və qarşımızda bu qaydalara əməl etməyə hazır olmayan tərəflər olduqda nə etməliyik?”