Ukrayna Təhlükəsizlik Xidməti bu gün əsir götürülmüş rus əsgərlərindən birinə anasına zəng etməyə icazə verilib.
Hafta.az-ın yazdığına görə, özünü rus ordusunda sıravi Anton Petruk kimi təqdim edən əsgər anasına belə deyib: "Ana, mən əsir düşmüşəm. Narahat olma, onlar mənimlə yaxşı rəftar edirlər, incitmirlər. Bizə komandir dedi ki, Donbas və Luqansk Xalq respublikalarına sülhməramlı kimi gedirik. Amma bu belə deyilmiş. Əslində müharibə başladı. Burada – Ukraynanın şəhərləri güclü şəkildə bombalanır. Mümkünsə bu haqda hər kəsə danışın, hamı həqiqətdən xəbərdar olsun. Başa düşürəm ki, mən bura işğalçı kimi gəlmişəm”.
Bu arada, istintaq zamanı əsir götürülmüş başqa bir rus əsgər də deyib ki, təlimlərdə iştirak edirlərmiş. Sonra onları Ukrayna ilə sərhədə göndəriblər və bir əmrlə qəfil sərhədi keçiblər. “Başqa seçimimiz yox idi. Çünki etiraz edən hər kəsi vətənə xəyanətdə, əmri yerinə yetirməməkdə ittiham edəcəkdilər. Bu da ən azı 15-20 il həbs həyatı deməkdir. Başa düşürsünüz, 20, demək olar bütün həyatımızı zindanda keçirəcəkdik”, - əsgər deyib.