AQTA sədri Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüşüb

17:24 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüşüb.

Görüşdə Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, müvafiq sahədə həyata keçirilən dövlət tənzimləməsi və nəzarəti haqda ətraflı məlumat verib. Qida təhlükəsizliyi sahəsində Agentliyin normayaratma fəaliyyətindən söz açan Q.Təhməzli qida zəncirinin bütün mərhələlərini əhatə edəcək yeniliklər, onların tətbiqindən gözlənilən nəticələr barədə qonaqları məlumatlandırıb. Sədr AQTA-nın müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı və sıx əlaqədə fəaliyyət göstərdiyini, bu baxımdan, OIE ilə qurulan əməkdaşlığa xüsusi önəm verildiyini də diqqətə çatdırıb.

Ekspert Qrupunun rəhbəri Sabine Hutter, OİE-nin Avropa üzrə regional ofisinin rəhbəri, quduzluq xəstəliyi üzrə ekspert Budimir Plavsic səmimi qəbul və geniş məlumat üçün minnətdarlıqlarını ifadə ediblər. Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq standartlarının təmin olunması ilə bağlı görülən işləri yüksək dəyərləndirən qonaqlar əməkdaşlıqda birgə fəaliyyətin qarşıdakı illərdə də öz töhfəsini verəcəyinə əminliklərini bildiriblər.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzovun da iştirak etdiyi görüşdə PVS aləti üzrə qiymətləndirilmənin milli baytarlıq sistemlərinin dünyada və beynəlxalq təşkilatlarda tanınması ilə bağlı əhəmiyyətindən danışılıb. Həmçinin son dövrlərdə Agentlik tərəfindən ölkənin bioloji təhlükəsizliyinin təmin edilməsi yolu ilə ümumi epizootoloji salamatlığa töhfə verilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi, baytarlıq laboratoriya sisteminin yüksək standartlara uyğun quruldugu vurğulanıb. Eyni zamanda baytarlıq xidməti və nəzarətinin sərhədləri müəyyənləşdirilməklə hüquqi baza yaradılaraq xidmətdə özəlləşdirilmə aparılıb, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qurulmağa başlanılıb, heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində fəaliyyətlər genişləndirilməklə OİE ilə əməkdaşlıq daha da möhkəmləndirilib.

Qeyd edək ki, OİE-nin milli və regional səviyyədə həyata keçirdiyi qiymətləndirmə ölkəmizin heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatları üçün geniş imkanlar yaradacaq. Bu tədbirlər nəticəsində beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma prosesləri asanlaşdırılacaq, eyni zamanda baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da genişləndirilməsi mümkün olacaq.

Oxunma sayı 25