Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında ixrac baytarlıq sertifikatları üzrə elektron məlumat mübadiləsinin təşkili və təkmilləşdirilməsinə dair onlayn görüş keçirilib.
Bu barədə hafta.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər əvvəlki razılaşmaların icra vəziyyətini nəzərdən keçirib, UN/CEFACT beynəlxalq standartları əsasında hazırlanmış servis spesifikasiyalarının texniki aspektlərini müzakirə ediblər.
Müzakirələr zamanı texniki inteqrasiyanın növbəti mərhələləri və servis spesifikasiyalarının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib.
Qeyd olunub ki, əməkdaşlığın inkişafı ixrac baytarlıq sertifikatlarının beynəlxalq standartlara uyğun, etibarlı, şəffaf və operativ şəkildə elektron mübadiləsini təmin etməklə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsinə və rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək.