Gəmiçiliyin bərələri ilə daşınan sərnişinlərin sayı 3,4 faizdən çox artıb

16:40 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) bərələri ilə cari ilin birinci yarısında 13 min 219 nəfər sərnişin daşınıb.

Hafta.az ASCO-ya istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,41 faiz çoxdur. Belə ki, 2025-ci ilin birinci yarısında daşınan sərnişinlərin sayı 12 min 783 nəfər olub.

Hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay ASCO-nun bərələri ilə 2944 nəfər sərnişin daşınıb ki, bu da keçən ilin eyni ayı ilə (2344 nəfər) müqayisədə 25,6 faiz artım deməkdir.

Cari ilin yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8497 nəfər sərnişin daşınıb. Onlardan 4658 nəfəri Ələt–Kurık, 3839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4722 nəfər sərnişin daşınıb. Sərnişinlərin 2692 nəfəri Ələt–Türkmənbaşı, 2030 nəfəri isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.