Aran Qarabağın su problemi

14:14 19.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdəki anbarlardan bu il də tam gücü ilə istifadə etmək mümkün olmayacaq

44 günlük Vətən Müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarılması bu ərazilərdə post-konflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Bu gün azad olunmuş torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün  mərhələli şəkildə yenidənqurma işləri həyata keçirilir. Bununla bağlı sözügedən ərazilərdə aidiyyəti qurumlar tərəfindən müəyyən təhlillər aparılır, bərpa prosesinin sürətləndirilməsi üçün operativ tədbirlər görülür.

Qeyd edək ki, ekspertlər işğaldan azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkə iqtisadiyyatında mühüm paya malik olacağını proqnozlaşdırırlar.  Mütəxəssislərin fikrincə, xüsusilə bu ərazilərdəki su ehtiyatları suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcək. Yeri gəlmişkən, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın meliorasiya və su təsərrüfatı fonduna külli miqdarda ziyan dəyib. Səhmdar cəmiyyətinin işğal altında 125 min 800 hektar suvarılan torpaq sahəsi qalmışdı. Həmin əraziləri suvarma ilə təmin edən 6 426 kilomert suvarma kanallarımız, 1 429 subartezian quyusu, 9 su anbarı, 7 sututarı, 88 nasos stansiyası, 7 mindən çox hidrotexniki qurğu və s. su təsərrüfatı obyektləri işğal altında qalmışdı. Proqnozlara görə, qələbədən sonra həmin obyektlərin tam işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

Bəs, görəsən, qələbənin başa çatmasından keçən 8 ay ərzində su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsi üçün hansı addımlar atılıb? İşğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarının və su tutarlarının neçə faizinin fəaliyyəti tam bərpa olunub? Həmin ərazilərdə yeni kanalların çəkilməsi istiqamətində hansı addımlar atılıb?

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun sözlərinə görə, ötən müddət ərzində Suqovuşan su anbarının ərazisi minalardan və digər partlamamış sursatlardan təmizlənib, qiymətləndirmələr aparılıb: “Artıq Suqovuşan bəndində təmir işlərinə başlanılıb. Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, seqment qapıları, eləcə də 5,2 kilometr uzunluğunda magistral kanalın təmiri həyata keçiriləcək. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil kanalı, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalını təmir-bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. İkinci mərhələnin bu il başlanması və gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üçün də işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq”.

Rafiq Aslanov vurğulayıb ki, Suqovuşan su anbarının uzun illər işğal altında olması səbəbindən alternativ mənbə kimi subartezian quyularından istifadə edilib: “Respublikamızda istismarda olan 8250 subartezian quyusundan 517-də SCADA sistemi quraşdırılıb. Əlavə olaraq, bu il 400 ədəd subartezian quyusunda SCADA sistemi quraşdırılacaq. Bu sistem vasitəsilə su quyularına uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi üçün limit qoyulur. SCADA sistemi həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib bir sistemdir. Çalışacağıq ki, bir neçə il ərzində bütün subartezian quyularında bu sistem quraşdırılsın”.

“Meliorasiya və Su Təsərrüfatı” ASC hazırda həm də işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazisində əlavə su mənbələrinin yaradılması ilə bağlı qiymətləndirmə işləri aparır. Sədr müavini bildirib ki, həmin rayonlarla yanaşı, Kəlbəcər rayonunda da əlavə su mənbələri var. "Tərtər çaydan başqa Bəsit çayı, Həkəri çayı, Bazar çayı mövcuddur. Biz çalışırıq ki, oralarda suyun toplanması üçün tədbirlər görək. Bunun üçün müəyyən işlər aparmışıq və hökumətə təqdim etmək istəyirik. Həkəri çayı üzərində su anbarı tikmək mümkündür. Bunun üçün təklifimizi hazırlamışıq. Cəbrayıl rayonu ərazisində "Xudafərin” su anbarının tutumu 1,6 milyard kubmetrdən çoxdur. Ondan 13 kilometr aşağıda isə su tutumu 62 milyon kubmetr olan “Qız Qalası” su anbarı yerləşir. “Xudafərin” su anbarında 100 meqavat elektrik enerjisi, “Qız Qalası” su anbarlarında isə 40 meqavat enerji istehsalı nəzərdə tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün çox önəmlidir. “Xudafərin” su anbarı vasitəsilə 250 min hektardan çox sahənin su təminatı yaxşılaşacaq. “Qız Qalası” su anbarından isə saniyədə 50 kubmetr axını olan yeni kanalın çəkilməsi nəzərdə tutulur. Bununla da Cəbrayıl rayonu ərazisində 12 min hektar sahədə suvarma həyata keçiriləcək”.

Qeyd edək ki, 1976-cı ildə istismara verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Lakin 28 il bundan əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

Mövzu ilə bağlı hafta.az-a danışan “Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəsmisi Qulu Kərimov bildirib ki, müharibə başa çatandan dərhal sonra 36 min hektardan artıq əkin sahəsinə Suqovuşan anbarından suyun verilməsi təmin olunub: “Deməli, həmin əkin sahəsinin 20 min 450 hektarı Tərtər, 6 min 300 hektardan artıq Goranboy, 6 min 38 hektar Bərdə, 1872 hektar Yevlax rayonunun payına düşür. Sonradan müəyyən müddət suyun verilməsində məhdudiyyətlər yarandı. İndiki halda Suqovuşan su anbarından məhdud sayda da olsa, qeyd etdiyim rayonların əkin sahələrinə suyun verilməsi mümkün olur. Artıq Suqovuşan su anbarında əsaslı təmin işlərinin aparılması üçün qiymətləndirmə aparılıb. Və görüləcək işlər müəyyən olunub, tender keçirilib. Bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Sadəcə olaraq çətinliyimiz ondadır ki, bu ərazilərdə həddindən artıq çoxlu mina var. Elə yerlər var ki, minanı sanki kamazla gətirib töküblər. Yəni, iş prosesi o qədər çətin bir şəraitdə gedir. Suqovuşan anbarından çıxan 5,2 km magistral kanal var, demək olar ki, o kanalın hər iki tərəfi minadan təmizlənib qurtarıb. Amma kanallar uzun müddət istifadə olunmadığından hamısı dolub. O mənada çətinliklər çoxdur. Suqovuşandan tam gücü ilə istifadə olunması üçün əsaslı təmir işləri aparılmalıdır. Bundan başqa, Ağdam rayonunda 23 milyon kubmetr həcmdə Xaçınçay su anbarı var. O ərazilərdə də minadan təmizləmə işləri aparılıb və baxış keçirilib. Amma həmin anbarın suyundan istifadə etmək üçün kanallar mövcud deyil. Ona görə biz Xaçınçay su anbarından demək olar ki, istifadə edə bilmirik. Anbar doludur, lakin infrastuktur olmadığından səmərəli istifadəsi mümkün deyil. Anbardan suyun tam gücü ilə çıxması üçün kanallar yenidən qurulmalıdır. Həmin ərazidə qiymətləndirmə aparılıb, hazırda layihə sənədlərinin hazırlanması istiqamətində işlər gedir. Füzuli rayon ərazisində Köndələnçay üzərində isə 3 su anbarı var. Köndələn-1, Köndələn-2, Aşağı Köndələnçay su anbarı. Bildiyiniz kimi, bu ayın 14-də cənab Prezident də həmin yerdə olmuşdu.  Anbar 1982-ci ilə Ulu Öndərin tapşırığı ili tikilib. Məqsəd Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması olub.Köndələn-1, Köndələn-2 kiçiktutumlu anbarlardır. Əsas su anbarı Aşağı Köndələnçay su anbarıdır. Ümumi tutumu 9,5 milyon kubmetrdir. Bəndin uzunluğu 920 metr, hündürlüyü 25 metrdir. Hal-hazırda həmin su anbarından yalnız “Azərşəkər” şirkətinə məxsus 78 hektar şəkər çuğunduru sahəsi var ki, həmin sahəni suvarmaq mümkündür. Eyni zamanda, Füzuli rayonunun bir neçə kəndi o sudan istifadə edir. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdəki anbarlardan bu il də tam gücü ilə istifadə etmək mümkün olmayacaq”.

Oxunma sayı 661