Məlum olduğu kimi, bu yaxınlarda ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Nəticələrə əsasən, 51 min 941 nəfər tələbə adını qazanıb. Qeyd edək ki, nəticələrin ardından bəzi ixtisaslarda keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və ciddi müzakirələrə səbəb olub. Bu ixtisasların arasında elələri var ki, hətta ötən il 600 keçid balı tələb edilirdi.
Bu il çox təəccübləndirən yeni keçid ballarına nəzər yetirək:
ADNSU- Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal
BDU - Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal BMU - Energetika mühəndisliyi - (dövlət sifarişli) - 215 bal
ADNSU- Geologiya və geofizika mühəndisliyi (dövlət sifarişli) - 200 bal
AzMİU - Maşin mühəndisliyi - (dövlət sifarişli) - 200 bal
AzMİU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 200 bal
BMU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal
AzTU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal
AzTU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 202 bal
AzTU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 214 bal
BMU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 216 bal.
Maraqlıdır, keçid balları bu il niyə ciddi şəkildə aşağı düşüb? Bu nədən xəbər verir və nə dərəcədə təhlükəlidir?
Bəs əsasən hansı ixtisas və universitetlərdə keçid balları aşağı düşüb?
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları kifayət qədər əvvəlki illərdən fərqlənirdi: “l ixtisas qrupunda altqrupların yaradılması, həmçinin, informatika fənninin əlavə fənn kimi daxil edilməsi bu ixtisas qrupuna öz təsirini birmənalı şəkildə göstərdi. Belə ki, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması ixtisası (tədris ingilis dilində) üzrə keçid balı 600 balın üzərində idisə, məhz bu dəyişiklikdən sonra həmin ixtisasın keçid balı 200-ə düşdü. l ixtisas qrupunda 18 min plan yerinin 13 mini dövlət sifarişli idi. Dövlət sifarişli plan yerlərinin kəskin şəkildə artması ilə 200 bal toplayan abituriyentlər də ali məktəblərə pulsuz qəbul oluna bildilər”.
Ekspert qeyd edib ki, 170 bal toplayan abituriyentlər də dövlət sifarişli təhsil alma hüququ qazanıb: "Bu il I ixtisas qrupu üzrə Gəncə Dövlət Universiteti ilə Lənkəran Dövlət Universitetlərinə 170 balla ödənişsiz ixtisaslara qəbul olunanlar da var idi. Təbii ki, bu aşağı göstəricidir. Amma bu təhsilin əlçatanlığının göstəricisidir. Hətta V ixtisas qrupunda da 150 bal ilə ali məktəblərə qəbul olunanlar oldu. Xüsusən abituriyentlər Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə 200 bal ilə ödənişsiz ixtisaslara qəbul oluna bildilər. Təbii ki bunlar aşağı nəticələrdir. Lakin bununla da ali təhsil müəssisələrinə qəbul plan yeri tam dolmayıb. Bu addım ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla tələbə qəbulunu həyata keçirmiş olduq. Bu gələcək üçün müəyyən problemlər yaradacaq. Çünki hazırda aşağı ballarla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirildi. Ümumilikdə yüksək bal toplayanların çoxu Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini seçmişdilər.150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problem yaradacaq. Ümumilikdə bu il ali məktəblərə fantastik göstərici ilə 50 mindən çox abituriyent qəbul oldu. Azərbaycanda ali təhsilli vətəndaşların sayının artaması istiqamətində bu yaxşı bir addımdır. Amma bundan sonra ali məktəblərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, aşağı balla universitetlərə qəbul təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərəcək".
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, əslində bu nəticə keçid ballarının aşağı salınması demək deyil: “Sadəcə olaraq, artırılmış dövlət sifarişi üzrə plan yerlərinin çoxluğu, eyni zamanda ümumi plan yerlərinin artımı ilə əlaqədardır. Məsələn, biz əsasən keçid ballarının aşağı enmə faktını birinci ixtisas qrupunda görürük. Amma iki və üçüncü ixtisas qrupunda görürük ki, ötən illə müqayisədə bəzi əsaslarda daha yüksək keçid balı formalaşıb"
Onun sözlərinə görə, eyni zamanda, IVixtisas qrupunda tibb istiqamətində keçid ballarında enmələr var. V ixtisas qrupunda isə, dizayn, idman istiqamətində keçid ballarında isə əksinə artım var: "Ümumilikdə, təbii ki, bu keçid ballarının aşağı enməsi, artırılan ümumi plan yerləri, eyni zamanda həmin il abituriyentlərin ümumi göstəricilərinə əsasən formalaşır. Yəni keçid balları dövlət tərəfindən aşağı salınıb və yaxud artırılmır müvafiq olaraq bu dediyim əsas iki detala əsaslanır. Plan yerlərinin artırılması və eyni zamanda müvafiq olaraq müsabiqədə işirak edən abituriyentlərin əldə etdikləri nəticə əsasında formalaşır. Ümumi götürsək, bu il ötən illərlə müqayisədə demək olar ki, daha çox abituriyent ali təhsil müəssisəsinə qəbul olunub. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq olaraq təhsilin əlçatalılığının təmin olunması ilə bağlı verdiyi tapşırığa əsasən, dövlət sifarişli yerlərin sayı da ilbəil artır. Bu il 27 mindən çox dövlət sifarişli yer ayrılmışdı. Ümumilikdə, qəbul olanlara nəzər salsaq, 90 faizdən çoxu pulsuz təhsil ala biləcək. Buraya ödənişli əsaslarla universitetə qəbul alıb məcburi köçkün və digər statusu olanları da şamil etsək, bu, kifayət qədər böyük bir rəqəmdir. Bu il 54 min nəfər ali təhsil müəssisələrinə qəbul olubsa, onların 47-48 faizi məhz dövlət sifarişli qəbul olacaq. Bu da böyük bir rəqəmdir. Buna görə də builki statistik nəticələr onu deməyə əsas verir ki, məhz artırılmış plan yerləri müvafiq olaraq bəzi ixtisas qruplarında keçid ballarının aşağı enməsi ilə nəticələnib”.