Məlum olduğu kimi, Azərbaycanda “Avro-5” standartları ilə istehsal olunan benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənib. Beləliklə, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu addım ekoloji mühitin qorunmasına, nəqliyyat emissiyalarının azaldılmasına və daha təmiz nəqliyyat növlərinin təşviqinə imkan yaradacaq. Eyni zamanda, yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.
Yeri gəlmişkən, araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsi məhz nəqliyyat vasitələrinin müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazların payına düşür. Hazırda əksər ölkələrdə “Aİ-92” markalı benzin ya ümumiyyətlə istehsal olunmur, ya da satılmır. Benzinlə müqayisədə dizel yanacağının daha böyük ekoloji zərər potensialı nəzərə alınaraq, dizelin qiyməti bir çox ölkələrdə elə tənzimlənir ki, bazarda benzindən daha baha olsun. Başlıca hədəf havanın çirklənməsi və ekoloji vəziyyəti nəzərə alaraq, dünya ölkələrində elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirməkdir. Yəni, havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir.
Bir məqamı da qeyd edək ki, hətta Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. Qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir.
Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Belə ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları “Avro-5” standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq “Avro-5” standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan “Aİ-95” markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək. Nəticədə “Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
Mütəxəssislər hesab edirlər ki, NEZ-də aparılan yenidənqurma və modernizasiya işlərinin nəticəsində yerli bazarın benzinə olan tələbatı “Avro-5” standartlarına uyğun təmin ediləcək. Keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxacaq və bütövlükdə yanacaq sərfi aşağı düşəcək. Ən əsası isə bu, bölgədə "yaşıl enerji" istehsalının lokomotivinə çevrilməkdə olan, cari ilin noyabr ayında bəşəriyyəti ciddi narahat edən iqlim problemlərinin həlli yollarının axtarışını nəzərdə tutan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edəcək ölkəmizin bu istiqamətdə müəyyən etdiyi kursa tam uyğun addım sayılır.
Digər diqqətçəkən məqam ondan ibarətdir ki, son illərin statistikası Azərbaycana benzin mühərrikli avtomobillərin idxalının azaldığını, dizel mühərrikli avtomobillərin sayının artdığını göstərir. Təbii ki, dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır.
Ekspertlər vurğulayırlar ki, digər dünya dövlətləri kimi Azərbaycanda da elektromobillərə keçid sürətləndirilməlidir. Elektrikli avtomobillər yanacaqla işləmədiyi üçün ətraf mühitin dostu hesab edilir. Bu avtomobillər qalıq yanacaqlardan asılılığı azaltmaqla ekoloji cəhətdən təmiz bir alternativ təklif edir. Elektrikli avtomobillərin müxtəlif modelləri mövcuddur. Ənənəvi avtomobillər kimi, müxtəlif marka və istehsalçıların elektrik avtomobil modelləri də var. Bu modellər müxtəlif diapazon tutumlarına, sürətlərə və xüsusiyyətlərə malikdir. Elektrikli avtomobillərin üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Daha az karbon emissiyasına töhfə verərək ətraf mühitə daha az zərər verirlər. Səssiz işləmə xüsusiyyəti sayəsində şəhər nəqliyyatında səs-küy çirkliliyini də azaldır.
Bu avtomobillərin bir çox iqtisadi üstünlükləri də var. Əvvəla, elektrik avtomobillərin qiymətləri hər gün daha münasib olur və uzunmüddətli perspektivdə yanacaq xərclərinə qənaət edəcəksiniz. Digər üstünlük isə elektrik nəqliyyat vasitələrinin şarj haqqıdır. Elektrikli avtomobilləri doldurmaq üçün enerji xərcləri benzin və ya dizel yanacağından xeyli aşağıdır. Evdə və ya işdə istifadə edə biləcəyiniz doldurma stansiyaları sayəsində avtomobilinizi az xərclə asanlıqla doldura bilərsiniz. Benzin və ya dizellə işləyən avtomobillərlə müqayisədə elektrik avtomobilləri daha az enerji sərf edir ki, bu da sizə uzun müddətdə əhəmiyyətli qənaət imkanı verir. Bütün bu amilləri nəzərə alsaq, iqtisadi baxımdan elektrik avtomobili almağın bir çox üstünlükləri var. Aşağı alış dəyəri və aşağı doldurma haqları və yanacaq xərcləri sayəsində uzun müddətdə ciddi qənaət edə bilərsiniz. Bundan əlavə, onların ekoloji cəhətdən təmiz olması elektromobillərin seçimində təsirli faktordur. Elektrikli avtomobillərin ekoloji faydaları və davamlılığı bu gün getdikcə daha çox əhəmiyyət kəsb edir. Elektriklə işləyən avtomobillər ənənəvi daxili yanma mühərrikli avtomobillərlə müqayisədə ətraf mühitə daha az təsir göstərir. Birinci və ən bariz üstünlüyü onların sıfır emissiyalı avtomobillər olmasıdır. Elektrikli avtomobillər qalıq yanacaqların istifadəsini aradan qaldırır və atmosferə zərərli qaz emissiyalarını azaldır. Bu, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir. Bundan əlavə, elektrikli avtomobilləri doldurmaq üçün tələb olunan elektrik enerjisinin mənbəyindən asılı olaraq, bu avtomobillərdə karbon qazı az ola bilər. Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi istifadə olunarsa, elektrikli nəqliyyat vasitələri tamamilə təmiz nəqliyyat variantına çevrilir. Elektrikli avtomobillər davamlılıq baxımından da mühüm rol oynayır. Məhdud qalıq yanacaq ehtiyatlarının tükənməsi ilə alternativ enerji mənbələrinə müraciət etmək qaçınılmaz hala gəlib. Elektrikli avtomobillər bu transformasiya prosesində davamlı nəqliyyat variantı təklif edir və enerji səmərəliliyini artıraraq resurslardan daha səmərəli istifadə etməyə kömək edir. Nəticədə, elektrik avtomobillərinin ekoloji faydaları və davamlılığı çox vacibdir.
Elektrikli avtomobillər qalıq yanacaqlardan asılılığı azaltmaqla atmosferə zərərli emissiyaları əhəmiyyətli dərəcədə azaldır. Bu təmiz ətraf mühit üçün mühüm addımdır. Bundan əlavə, elektromobillər qiymət baxımından da üstünlüklər verir. Onların istismar xərcləri benzin və ya dizel yanacağı ilə müqayisədə daha aşağıdır.
Təbii ki, psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi istisna deyil. Amma hökümət bu ehtimalları da nəzərə alıb. Belə ki, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.