“Avropa İttifaqı ilə Azərbaycan arasında möhkəm tərəfdaşlıq mövcuddur” - Peter Mixalko

16:25 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca ikincisini təşkil edir. Gənc nəsli əmək bazarı və bacarıqların artırılması üzrə düzgün və hərtərəfli istiqamətləndirəcək “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda praktiki təlim “Azərbaycan HR İnstitutunun” təsisçisi və rəhbəri Emil Hüseynovun iştirakı ilə 2024-cü ilin aprel ayının 20-də 10:30-dan 13:00-dək Landmarkın “Rotunda” zalında baş tutacaq.

Hafta.az-ın yazdığına görə, Aİ 2023-2024-cü illəri “Avropa bacarıqlar ili” bəyan edib. Məqsəd innovasiyaları və rəqabəti dəstəkləməklə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsi yolu ilə “yaşıl” və rəqəmsal texnologiyalara keçidə töhfə verməkdir. “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyera planlanması, təhsil və tələbə təqaüdü imkanları barədə bilgiləndirmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.

“Avropa İttifaqı ilə Azərbaycan arasında insan inkişafı və gənc nəslin gələcək əmək bazarına hazırlanmasını rəhbər tutan möhkəm tərəfdaşlıq mövcuddur,” - deyə Aİ-nin Azərbaycanda səfiri Peter Mixalko bildirib.

“Sürətlə dəyişən dünyada insanların əmək bazarına uyğunlaşması üçün onların doğru informasiya və bacarıqların təkmilləşdirilməsi imkanlarına çıxışına şərait yaratmalıyıq. Biz bu kampaniya vasitəsilə gələcəkdə daha yaxşı iş və əmək haqqına sahib olmaq üçün doğru bacarıqlar qazanmağın heç zaman gec olmadığını vurğulamaq istəyirik,” - deyə səfir Mixalko əlavə edib.

İlk seminara Avropa İttifaqında müxtəlif təhsil və məşğulluq imkanları barədə bilik əldə etmək istəyən 100-dən artıq iştirakçı qatılmışdı. Aprelin 26-da keçiriləcək növbəti seminar kiçik biznes üçün zəruri bacarıqlara həsr olunacaq.

“Doğru bacarıqlar qazan” kampaniyasının gələcək nəsilləri ilhamlandıracaq xüsusi qonarların iştirakı ilə baş tutacaq zirvə tədbirinin - “Aqora” toplantısının may ayında keçirilməsi nəzərdə tutulub.

“Doğru bacarıqlar qazan” kampaniyasının məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz şəkildə göstərməkdir. Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurub, kənd təsərrüfatı istehsalına başlayıb, yeni bacarıqlar qazanıb və təlimlərdən keçib.

Oxunma sayı 261