Rusiyada fəaliyyətini davam etdirən ən böyük Avropa bankları 2023-cü ildə Rusiya büdcəsinə 800 milyon avrodan çox vergi ödəyib.
Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, bu, rus qoşunlarının Ukraynaya daxil olmasından əvvəlki dövrlə müqayisədə dörd dəfə çoxdur.
Avropanın Raiffeisen Bank International, Unicredit, ING, Commerzbank, Deutsche Bank, Intesa Sanpaolo və OTP bankları 2023-cü ildə ümumi mənfəətlərinin 3 milyard avronu keçəcəyini bildiriblər.
Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur. Gəlirliliyin artması səbəbindən banklar 2021-ci ildəki 200 milyon avro ilə müqayisədə təxminən 800 milyon avro vergi ödəyiblər.
Qəzetin yazdığına görə, Qərb banklarının Rusiyadakı yüksək gəlirləri orada fəaliyyətini davam etdirən xarici şirkətlərin sanksiyalar fonunda ölkəyə maliyyə sabitliyini qorumağa necə kömək etdiyini göstərir.
Vergi ödənişlərinin yarıdan çoxu Raiffeisen Bank International tərəfindən həyata keçirilib.
Raiffeisen Bank International daha əvvəl Rusiyadakı biznesini azaltmaq planlarını açıqlamışdı. Deutsche Bank, OTP və Commerzbank Rusiyadakı aktivlərini azaldıb. Intesa öz biznesini satmaq prosesindədir.
Amerika bankları öz hesabatlarında xüsusi olaraq Rusiya üçün nəticələrini açıqlamadıqları üçün “Financial Times”ın hesablamalarına daxil edilməyib. Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Citigroup Rusiyaya 53 milyon dollar ödəyib və bu, Qərb bankları arasında dördüncü ən böyük vergi ödəyicisi olub. JPMorgan 6,8 milyon dollar ödəyib.
Üstəlik, “Financial Times”ın qeyd etdiyi kimi, xarici banklar təkcə faiz artımından deyil, həm də Qərbin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalardan yararlanıb. Rusiya kredit təşkilatlarının beynəlxalq ödəniş sistemlərinə çıxışını itirməsi Qərb banklarının cəlbediciliyini artırıb.