Avropa hər zaman ikibaşlı oynayıb - Teymur Qasımlı

14:35 29.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün növbəti söhbətimizdə Azərbaycanla qaz nəqlini artırmaq haqda saziş imzalamış Avropa İttifaqının Qarabağ və Zəngəzurdakı proseslərə mümkün təsiri, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycan-Ermənistan münasibətləri haqda  mütəmadi ikibaşlı çıxışları fonunda Amerika-Azərbaycan tərəfdaşlığı, Böyük Britaniyanın sentyabradək vəzifə başında olacaq baş naziri Boris Consonun NATO baş katibi olması ehtimalı, Ukrayna savaşının nəticələrinin bu ölkənin iqtisadiyyatının zəifləməsindən asılı olması və s. mövzuları müzakirə etdik.

-Teymur bəy, bu yaxınlarda Avropa İttifaqı Azərbaycanla qaz nəqlini artırmaq haqda saziş imzalayıb, strateji münasibətlər qurub. Son dövrlərdə həmin qurum rəsmi sənəd və çıxışlarında “Dağlıq Qarabağ” ifadəsi işlətmir ki, bu da revanşist xislətli ermənilərin bərk qəzəbinə səbəb olur. Sizcə, Rusiya və İran amili olmasa, Avropa İttifaqı tezliklə Qarabağ və Zəngəzurdakı yarımçıq işlərimizin ədalətli yekun həllinə şərait yaradarmı? Yoxsa, bu qurum da öz maraqları naminə müəyyən siyasi oyunbazlıqlara gedə bilər?

-Öncə onu demək istəyirəm ki, Avropa-Azərbaycan münasibətlərində enerji amili birinci məsələ olub. Avropa Azərbaycan enerjisini nəqlı məsələsində hər zaman bizə dəstək verib. Əvvəllər neft-qaz layihələrində Avropanı Türkiyə təmsil edib və əsas oyunculardan biri olub. Hazırda Azərbaycan enerjisi Türkiyə üzərindən Avropaya nəql olunur...

O da var ki, bu saat Rusiya-Ukrayna müharibəsi gedir. Rusiya Avropanı qazla şantaj edir. Avropaya qaz lazımdır. Ona görə də Avropa son zamanlar Azərbaycana yaxınlaşıb. Azərbaycan dövləti də bu istiqamətdə Avropaya doğru düzgün siyasi gedişlər edir. Hər zaman demişik, Avropanı Qafqaza gətirmək və Rusiyaya qarşı istifadə etmək lazımdır. Bizim hökümətimiz son dövrdə bunu uğurla edir. Avropa bizə deyir ki, Rusiya Ukrayna müharibəsindən yararlanaraq Azərbaycanla Ermənistan arasında məsələləri həll edək. Fəqət, Rusiya buna imkan vermir. Amma Avropa İtifaqı hazırda Azərbaycanla Ermənistan arasındakı problemlərin bitməsini istəyir və var gücüylə buna dəstək verir. Təəssüf ki, hələlik bunu etməyə tam gücü yoxdur. Səbəb Rusiyadır. Lakin hazırda Avropanın atdığı addımlar Rusiyanı oyundankənar etmək üçündür. Qaldı Zəngəzur dəhlizi digər məsələlərin həllinə, bu, əsasən Avropadan yox, bölgədəki oyunculardan aslıdır. Əsasən də Rusiyadan...

Onu da demək lazımdır ki, Azərbaycan qazı Avropanı tam təmin etmək gücündə deyil. Buna rəğmən biz Avropanın enerjiyə olan ehtiyacından dövlət maraqlarımız üçün səmərəli şəkildə istifadə edə bilərik. O da var ki, Avropa hər zaman ikibaşlı oynayıb.  Bu isə onun çoxəsrlik siyasətinin qanunudur...

- İyulun 25-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan dövlət başçısı ilə növbəti telefon danışığı oldu. Ağ Ev rəsmisi  Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirdi… Lakin bu yandan da ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi mütəmadi olaraq müəyyən ikibaşlı çıxışlar edir, Qarabağ münaqişəsinin mövcudluğundan, həll olunmamasından, Minsk qrupunun yenidən canlandırılmasından dəm vurur. Bunu necə dəyərləndirmək olar?..

- Bilirsiz, ABŞ hər zaman dövlət maraqları çərçivəsində Qarabağ məsələsinin bitməsini istəyib və Azərbaycana dəstək verib. Həmin dəstək əsasən Türkiyə üzərindən edilib. Amma Ermənistan da 10 noyabr 2020-ci ildən sonra Amerika üçün Qafqaz siyasəti baxımından önəmli olkəyə çevrilib. Çünki Fransa da  Ermənistan üçün gərəkli siyasi diplomatik islər görür.  ABŞ-ın Ermənistandakı səfirinin bəyanatları Ermənistanı Vaşinqton tərəfinə çəkmək üçün deyilən sözlərdir. Əsas olan səfirin dediyi sözlər yox, ABŞ dövlətinin nə deməsidir.  Bəs  Ağ Ev səfirə niyə icazə verir belə sözlər desin? Səbəb hazırda diplomatik oyunlar getməsi və qeyd etdiyim kimi, Fransa səfirinin də Ermənistanı yanına çəkmək üçün oxşar çıxışlar etməsidir. Ona görə də bu siyasi-diplomatik oyunlarda Azərbaycan düzgün gedişlər etməlidir. Xarici ölkə səfirinin Qarabağ, Zəngəzur haqda nə deməsi əsas deyil. Əsas olan bizim Azərbaycan dövləti olaraq nə deməyimiz və nə etməyimizdir...

- Böyük Britaniyanın sentyabradək vəzifə başında olacaq baş naziri Boris Consonun NATO-ya baş katib seçilməsi ehtimalına necə baxırsız? Sizcə, bu, alyansın dünyadakı hərbi-siyasi proseslərə, o cümlədən Rusiya-Ukrayna savaşına müdaxiləsinin daha da aktivləşməsinə təkan berə bilərmi?

-Bir zamanlar Fransa prezidenti Emanuel Makron deyirdi ki,  NATO beyin ölümü keçirdir. İndi isə NATO daha önəmli təşkilat çevrilib. Niyə? Buna Rusiya-Ukrayna müharibəsi səbəb oldu. Digər tərəfdən, ABŞ-ın da bu təşkilatda nüfuzu artdi və Böyük Britaniyanı da yanına aldı. Aropaya deyir ki, biz olmasaq, sizi Rusiya işğal edər. Ona görə də Berlin-Paris-Roma üçbucağı quruldu buna qarşı... 

Qaldı konkret Boris Consonun NATO-baş katibi olması ehtimalına, bu haqda danışmaq hələ  tezdır. Berlin-Paris-Roma buna nə deyəcək, hələ bilinmir. Hazırda NATO-nun baş katibi Ukraynaya dəstək olur. NATO isə əsasən Birləşmiş Ştatların dediyinə əməl edir. Hazirki NATO baş katibi 30 sentyabr 2023-cü ilə qədər vəzifəsini icra edəcək. Consonun namizəd olub-olmayacağı isə hələki bilinmir. Və onu da bilmək gərəkdir ki, Conson NATO baş katibi oldu-olmadı, NATO daim Ukraynaya dəstək olacaq...

- “Faynənşl Tayms” nəşri yazır ki, bu payızda Ukraynanın maliyyə resursları tükənə və beynəlxalq borcun iki il müddətinə təxirə salınması ilə bağlı razılaşmaya baxmayaraq iqtisadiyyat kəskin enişlə üzləşə bilər. Odur ki, xarici dəstək olmasa, Ukrayna iqtisadi baxımdan hərbi əməliyyatları davam etdirə bilməyəcək. Bu proqnoza münasibətiniz?

-Hazırda Ukrayna Qərbin dəstəyi ilə müharibə aparır. Əgər Qərbin dəstəyi olmasa, Rusiya çoxdan Ukraynanı işğal etmişdı. Hazırda Ukrayna xalqı öz vətəni üçün şərəflə döyüşür. Qərb dəstək verməsə, Ukrayna xalqı döyüşər, ancaq vəziyyət fərqli olar. Onsuz da müharibə oldu-olmadı Ukraynanın iqtisadi vəziyyət yaxşı deyildi...

-Son günlər bir sıra müxalif siyasətçilər də Azərbaycanda  “Rusiya 5-ci kalonun aktivliyindən danışırlar. Sizcə, həmin 5-ci kalon xarici siyasətimizə nə qədər təsir göstərir?

-Azərbaycanda 1813-cü ildən “5-ci kalon” var və nə qədər ki, Rusiyanın başında imperiya xislətli hakimiyyət var, hər zaman da olacaq.  Həmçinin ölkəmizdə yalnız Rusiyaya bağlı adamlar yoxdu, digər dövlətlərin də “5-ci kalon”u var ki, onlar da burda həmin dövlətlərin maraqlarını təbliğ edirlər. Bir də Azərbaycanda milli insanlar var. Bunlar Azərbaycanın maraqları çərçivəsində fikirlər bildirirlər. Bu insanlar Azərbaycan dövlətinə maraqlarını qorumaqla məşğuldurlar. Özümü də bu cinahda görürəm. Mənim üçün əsas dövlətdir. Hazırda Azərbaycanın Turan, Qərb və  Avrasiya cinahında dayanmasını deyən insanlar da var. Avrasiya cinahını Azərbaycanın milli maraqlarına uyğun görmürəm. Azərbaycan dövlətinin marağı hardadırsa, orda olmalıdır. Son illər “5-ci kalon”a bağlı insanlar Azərbaycan xarici siyasətindən uzaqlaşıblar. Və inanmıram ki,  hazırda  “5-ci kalon” xarici siyasətimizə təsir göstərir...

Bu gün Azərbaycan dövlətinin atdiği addımlar önəmlidir. Azərbaycan dövləti və vətəndaşları dəmir yumruq kimi birləşməli, Azərbaycanı qorumalıdırlar...

Oxunma sayı 328