Avstriyada yaşayan soydaşlarımız yerli mətbu orqanlarına müraciət ünvanlayıblar

16:39 11.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriyada ali təhsil almış, bu ölkədə yaşayan və yerli cəmiyyətə inteqrasiya olmuş bir qrup soydaşımız yerli mətbu orqanlarına müraciət ünvanlayıb.

Hafta.az xəbər verir ki, 30-dək soydaşımızın adından ünvanlanan müraciətdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, son həftələrdə gedən döyüşlər və ümumiyyətlə münaqişənin tarixi kökləri diqqət mərkəzində olub.

Müraciətdə diqqətə çatdırılıb ki, münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçdiyi ötən həftələrdə dünya, eləcə də Avstriya mətbuatının diqqəti regiona yönəlib. Lakin mətbuatda yayılan süjet və məqalələrdə vəziyyət, əsasən, qərəzli, qeyri-obyektiv və birtərəfli şəkildə işıqlandırılıb. Bu isə yerli ictimaiyyəti yanlış məlumatlandırmaqla yanaşı, Azərbaycana və onun haqq işinə qarşı həqiqəti əks etdirməyən fikirlərin yaranmasına səbəb olub.

Müraciətdə qeyd edilir ki, jurnalistika sənətinin peşə kodeksləri və iş prinsipinə kölgə salmadan, eləcə də redaksiyaların istinad etdiyi mənbələrin seçimi və oxucunu məlumatlandırmada sərbəst fəaliyyətini şübhə altına almadan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi, bu regionda yaşayan və sonradan məskunlaşan toplumlar barədə informasiya boşluğu göz önündədir. Avstriyanın mətbu orqanlarını əsl həqiqət barədə məlumatlandırmaq ehtiyacı yaranıb. Buna görə də xarici müəlliflərin qələmə aldığı, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi və beynəlxalq hüquqla təsbit olunan bir sıra məqamların mətbu orqanlarına təqdim edilməsi gələcəkdə münaqişənin tarixi kökləri, gedişatı və həlli yollarını yeni baxış bucağından nəzərdən keçirilməsinə imkan verəcək.

Müraciətlə yanaşı, soydaşlarımız mətbu orqanlarına Vyana Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, hazırda Avstriyanın tanınmış vəkil kontorlarından birində çalışan Orxan İsmayılovun əsasən almandilli müəlliflərin kitabları və digər elmi ədəbiyyat əsasında hazırladığı faktoloji material təqdim ediblər. Materialda mətbuatda gedən bir çox yanlış məqamlara elmi mənbələrə istinadla aydınlıq gətirilib, erməni tərəfinin əsassız və tarixi təhrif edən məlumatları ifşa olunub.

Qeyd edilməlidir ki, müraciət Avstriyanın aparıcı televiziya, qəzet və jurnallarının redaksiyalarına ünvanlanıb.