“Bu görüş Ermənistanı yenidən silahlandırmaq, aqressiyaya həvəsləndirmək məqsədi daşımırsa, niyə ABŞ rəsmisi Azərbaycanla əlaqə saxlayaraq bunun anti-Azərbaycan mahiyyəti daşımadığını bildirdi? Cənab Prezident Azərbaycanın arqumentlərini əsaslandırmış şəkildə ABŞ dövlət katibinin nəzərinə çatdırdı”.
Bunu hafta.az-a deputat Aydın Mirzəzadə aprelin 5-də ABŞ, Avropa Birliyi, Ermənistan rəsmilərinin görüşü ilə bağlı açıqlamasında bildirib.
A.Mirzəzadə qeyd edib ki, əvvəldən görüşün gündəliyi barədə geniş izahat verilsəydi qeyri-müəyyənlik olmazdı.
“Çünki vaxtaşırı Avropa Birliyinin rəhbərlərindən, Avropanın müəyyən aparıcı dövlətlərindən Ermənistanı silahlandırmaq, Azərbaycana qarşı torpaq iddialarına dəstək vermələri ilə bağlı bəyanatlar səslənir. Belə olan halda Ermənistanla xüsusi görüşün keçirilməsi təbii olaraq Azərbaycan üçün narahatlıq yaradır”.
A.Mirzəzadə ABŞ, Avropa Birliyi və Ermənistan rəhbərlərinin Brüssel görüşü ilə bağlı bir çox məqamların aydın olmadığını deyib. Onun sözlərinə görə, iki böyük güc mərkəzinin Cənubi Qafqazda olan keçmiş sovet respublikalarından ancaq biri ilə görüşüb həmin bölgənin məsələsini müzakirə etməsi suallar doğurmaya bilməz.
Sabahkı görüşdə Ermənistanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, iqtisadi inkişafı ilə bağlı məsələlərin nə dərəcədə müzakirə ediləcəyi bəlli olacaq.
“Azərbaycanın müstəqil dövlət olaraq bu məsələlərə mövqeyi aydındır. Ermənistanda demokratiyanın inkişafının müzakirə edilməsinin əleyhinə deyil. Amma nədənsə bir çox hallarda demokratiya pərdəsi altında Ermənistana silah daşınması, Azərbaycanla sərhəddə müşahidəçilərin yerləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması kimi əsassız mövqeyə rast gəlirik. İstər-istəməz sual yaranır: Fransa həmin o görüşü anti-Azərbaycan bəyanatları səsləndirmək üçün istifadə edə bilərmi? Avropa Birliyi rəsmisi yenidən Azərbaycanın ünvanına böhtanlar ata bilərmi…?"