Erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycanın işğal olunmuş ərazilərində işğalı dəstəkləyənlər tərəfindən törədilən erməni vandalizminə görə İrəvandakı hakimiyyəti ittiham edib.
Hafta.az-ın məlumatına görə, Rusiyanın tanınmış bloqeri Aleksey Romanova müsahibəsində o bildirib ki, işğaldan azad edilən ərazilərdəki ermənilər köçərkən öz əşyalarını aparan videogörüntülərə baxanda onların necə səfil həyat sürdüyü aydın olur. Lakin köç edən ermənilər evlərini öz iradələri ilə yandırmırdılar:
"Bu idarə olunan bir proses idi. Əgər Ermənistan prezidentinin müraciətlərindən birinə diqqətlə baxsaq bu iddianın sübutlarını taparıq. Bu müraciət münaqişənin davam etməsi üçün döyüşlərin dayandırılmamasına bir çağırış idi. Bəs kim vuruşacaqdı? Londonda yaşayan Ermənistan Prezidentinin oğulları?"
Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistanın hakim elitası 30 il müddətində öz vətəndaşlarının maraqlarını satmaqla məşğul olublar. Bu 5-6 faiz öz şərtlərini qalan bütün vətəndaşlara diqtə edirdilər. Çünki ermənilərdən oğurladıqları bütün kapital onlara məxsusdur.
"Erməni xalqı bu illər ərzində 5-6 faiz cinayətkar millətçilərin əsirinə çevrilib. 30 il biz dünyaya qalib gəldiyimizi bəyan etdik. Lakin biz əslində Ermənistanın özünü uduzduq" - Vayan deyib. Onun sözlərinə görə, Ermənistan boşalır, bir çoxları yaşamaq üçün ABŞ, Rusiya və Avropaya üz tutur.