Azərbaycan Çindən turist qəbul etmək üçün yetərincə hazır deyil?- Ekspert rəyi

16:19 04.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə xarici dövlətlərin də diqqətini çəkməyə başlayıb. Bundan əlavə ölkəmizin coğrafiyası, relyefi, təbiəti də ölkəmizə gələn turistləri hər zaman heyrətləndirib. 2019-cu ilin birinci rübündə Azərbaycana 1 409,7 min turist gəlib. Bu barədə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov mətbuata açıqlamasında bildirib.

Bu rəqəm 2018-ci illin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artım deməkdir: “Formula 1” çərçivəsində Azərbaycana dörd ölkədən 75 min turist gəlib. Ötən illə müqayisədə bu rəqəmlərdə də artım var. Ölkədəki turistlər arasında, xüsusilə, Böyük Britaniya və Çindən gələnlər üstünlük təşkil edir.

Çox keçmir ki, Azərbaycan Turizm Bürosu belə bir açıqlama verir: “Azərbaycan Çindən turist qəbul etmək üçün yetərincə hazır deyil”.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın Çindən turist qəbul edə bilmədiklərini deyib. Onun sözlərinə görə, Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir.

F.Zenqstşmit əlavə edib ki, 2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq. Bu da Azərbaycanın turizm potensialının həcmini artırmağa kömək edəcək:

"Eyni zamanda, yeni müqavilələrin bağlanması nəzərdə tutulur. Bunun da nəticəsində Azərbaycan Çin turistləri üçün özünü təsdiqləmiş məkan kimi göstərə biləcək. Öz təcrübəmə əsaslanaraq deyim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Avstriyaya gələn turistlərin sayı xeyli artdı".

İcraçı direktor hesab edir ki, çinli turistləri cəlb etmək məqsədi ilə Çin dilində danışa bilən turizm xidməti göstərən heyətin hazırlanması üçün işlər aparılmalıdır.

Maraqlıdır ki, Florian Zenqstşmit “müəyyən işlər görülməlidir” deyəndə nəyi nəzərdə tutur, çin dilində bilmək kifayət edirmi? Azərbaycan dövləti turizm sektorunun inkişafı üçün son illər gözçarpan dərəcədə işlər görür.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli deyir ki, Azərbaycanda turizmin inkişafı üçün digər sektorların da inkişafına ehtiyac var:

“Bu işlər kompleks şəkildə həyata keçirilməlidir. Bu gün problemlər varsa, o problemlərin hamısı iqtisadiyatın bütün sahələrində, o cümlədən də turizm sektorunda özünü göstərir. Azərbaycan turizminin konkret problemlərinə gəldikdə bir çox hallarda turizm sahəsinin monopoliya altında olduğunun şahidi oluruq. Bu sahədə rəqabət mühiti yoxdur. Turizm obiyektlərində qiymətlər yüksək, keyfiyyət isə ürək açan deyil. İqtisadiyyat sektoru elə bir sektordur ki, orada şəffaf rəqabət olmasa inkişaf da ola bilməz. Arxayınlaşma getdikcə sektorda tənəzzül prosesi artır. Digər tərəfdən isə Azərbaycana gəliş-gediş məsələsi var. Bu gün bir çox ölkə vətəndaşları dəmiryolu və avtomobil ilə gəlməyə o qədər də üstünlük vermirlər. Şəxsən vaxt itkisinə yol verməmək üçün hava yollarına üstünlük verirlər. Azərbaycana uçuşların qiyməti bahadır. Azərbaycana gəlmək istəyən turist və ya digər şəxslər birinci Gürcüstana hava yolu ilə, sonra avtomobillə Azərbaycana gəlirlər. Bizim gözəl təbiətimiz, coğrafi relyefimiz haqqında məlumatlandıra bilmirik. Çünki reklama az vəsait ayırırıq. Bu vəsaiti əslində turizmlə məşğul olan şirkətlər etməlidirlər. Öz biznesini inkişıaf etdirmək üçün həm də bir vasitədir. Belə şirkətlər isə görünür heç biri maraqlı deyillər. Ancaq xaricdə bu praktika fərqlidir. Adi birşeyləri reklam etməklə turist cəlb edə bilirlər. Eqzotik olmayan bir şeyi belə reklamla turistlərə sevdirə bilirlər. Azərbaycanda da turizm bölünməli və dəqiqləşdirməlidir ki, hansı turistləri cəlb etmək istəyir? Tarixi yerlərə, müalicəvi yerlərə, yoxsa təbiətə dair mənzərəli yerlərə cəlb etmək kimi ixtisaslaşma getməlidir”.

İqtisadçı ekspert  Natiq Cəfərli isə hesab edir ki, ola bilsin bu açıqlamada say etibarı əsas götürülür:

“Əslində Azərbaycan turizm infrastrukturu kökündən yanlış idi. Azərbaycanda beş ulduzlu və bahalı otel konsepsiyası meydana gəldi. Bakı şəhərində 11 min çarpayı sayı olan otellərimiz turist üçün kifayət deyil. Hostellərin, ucuz və ikiulduzlu otellər şəbəkəsinin yaradılması prosesi gecikdirildi. Biznesin bu yönünə təşviq olunma üçün heç bir addım atılmadı. Çinli turist profili bahalı otellərə pul vermək istəmir. Bir gecə üçün belə baha qiymətə qalmaq istəmir. Avropalılar özləri də nə öz otellərində, nə də bizim ölkədə bahalı otellərə pul xərcləmək istəmir. Bu ilk addımlardan səfv olan yanaşma, çoxlu sayda turis qəbul etməyə hazır olmadığını ortaya qoydu. Bunun üçün ilk növbədə hostellərin sayı  artırılmalıdır. Tək Tiflis və ətraf şəhərlərdə 700 hostel fəaliyyət göstərir. Bakıda hostellərin sayı barmaqla sayılacaq qədərdir. Turizmin təşviq siyasəti dəyişdirilməlidir”.