Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Bu barədə hafta.az-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib ki, Azərbaycan şaxələndirmə və təhlükəsizliyi təmsil edən enerji mənbəyi təklif edir.
Mövcud infrastrukturun genişləndirilməsi, eləcə də Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının gətirilməsinə kömək etmək üçün oynaya biləcəyi rol baxımından burada görüləsi çox şey var.
Burada hidrogen, külək enerjisi və digər “yaşıl” və bərpa olunan enerji növləri perspektivlidir, onlar investisiya və qanunvericilikdə dəyişikliklər tələb edir. Bu müəyyən planlaşdırma tələb edir. Və bütün bunlar ABŞ hökumətinin və ABŞ özəl sektorunun Azərbaycanla işləyə biləcəyi sahələrdir", - deyə səfir qeyd edib.