Azərbaycan ordusu lazımi işini gördü - Tacəddin Mehdiyev

15:07 23.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hamımız deyirik ki, Qarabağdakı separatçı-terrorçulara qarşı antiterror əməliyyatını  çoxdan keçirmək lazım idi. Lakin görünür, dövlətimiz buna uyğun məqamın, vaxtın yetişməsini gözləyirdi. Yəni Azərbaycan səbirlə ermənilərə vaxt verdi ki, bəlkə onlar sülhə, Azərbaycanla inteqrasiyaya  hazırlaşalar. Lakin son 3 ilə yaxın müddətdə bütün dünya da gördü ki, Xankəndindəki separatçı rejim və onun nəzarət etdiyi minlərlə silahlı terrorçu sülh, barış yaranmasına imkan vermir, Azərbaycanın dinc vətəndaşlarına, polislərə, yol mühəndislərinə qarşı terror aktları həyata keçirirlər. Və artıq bıçaq sümüyə dirəndiyi bir məqamda Azərbaycan ordusu hücuma keçərək sözünü dedi və öz lazımi işini gördü”.

Bu fikri hafta.az-a açıqlamasında  Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsindəki son antiterror əməliyyatlarından bəhs edən müdafiə nazirinin keçmiş müavini, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

“Hesab edirəm ki, bizi nə Rusiya, nə də ABŞ, Avropa qınaya bilər. Rusiya 1990-cı illərin əvvəli və sonunda Çeçenistana qarşı necə antiterror əməliyyat keçirdi? Tankla, topla, təyyarə ilə nəinki silahlı çeçenləri, dinc insanları da kütləvi şəkildə qətlə yetirdilər. Deməli, Rusiya antiterror əməliyyatı keçirə bilər, Azərbaycan keçirə bilməz?  Və yaxud ABŞ, hansısa Avropa dövləti öz ərazisində silahlı separatçılıq olsa, antiterror əməliyyatı keçirməz. Sözsüz ki, keçirər və heç kəsdən, hansısa beynəlxalq gücdən, təşkilatdan icazə də almaz. Ona görə də ordumuzun son əməliyyatı arzuolunan və zəruri idi... Özü də ordumuz Rusiyanın Çeçenistanda etdiyi kimi, mülki əhalini hədəf almır, yalnız hərbi infrastrukturu və silahlı qüvvələri məhv edir”, -deyə davamında nazir müavini bildirib.

“Yalnız mənim fikrim belədir ki,- sözsüz ki, dövlətimizin və ordumuzun rəhbərliyi bunları nəzərə alıb,- Yuxarı Qarabağın ermənilər məskunlaşdırılmış hissəsini mühasirədə saxlamaqla iş bitməməlidir. Bu gün xüsusən keçmiş Dağlıq Qarabağ daxilində 2020-ci ildən bəri azad etdiyimiz və onlara bitişik ərazilərdə quruculuq işləri gedən, artıq soydaşlarımızın köçürüldüyü və ya polislərin, hərbçilərin, məmurların, onların ailələrinin, mühəndis və fəhlələrimizin yaşadığı məntəqələrimizin təhlükəsizliyini təmin etməliyik. Xüsusən də Şuşa, Laçın, Ağdam, Füzuli, Hadrut və s. kimi məntəqələrimizin təhlükəsizliyinin təminatı çox vacibdir”,- deyə general-mayor vurğulayıb.

Oxunma sayı 62