Payızın qızıl vaxtında Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutdu. Yəni, mədəniyyət xadimləri, yazıçı və şairlər bir araya gəlib tarixin bizə miras qoyduğu AYB-nin xeyrindən-şərindən danışdılar, videoçarxlar nümayiş olundu.

Hafta.az-ın əməkdaşı olaraq biz də qatıldıq. Biz deyəndə - mən... Və mənim yanımda şair dostum Furqan. Teatr binasına daxil olmazdan öncə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə üz-üzə gəldik. Bu anda şair Dayandur Sevgin qarşımızı kəsib dedi ki, Allah saxlamışlar, belə yerdə adama xəbər edərlər də, di sizi keçirəcəm biletsiz... Nə deyək şair də fərasətə bax...
Belə yerlərdə gərək özünə yaxşı yer seçəsən. Biz də Allahsaxlamış bir yer seçdik ki... Bircə biləydik ki, arxada Azərbaycanın böyük Alimi Rafiq Əliyev oturub, o zaman gedib ondan üç cərgə arxada oturub, uşaqlıq səhvimizi, üzürümüzü çatdırardıq. Rafiq müəllim üzürümüzü qəbul edəcək şəxsiyyətdir, əminəm buna.

Və birdən elə səslər gəldi ki, elə bil kilsə zəngləri idi. İşqılar söndü.
AYB-nin gəlmişindən, keçmişindən xəbər verən videoçarx maarifləndirici və represiya qurbanları yad etməyə şərait yaratdı. Ah Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq...

Ardıyca Xalq yazıçısı Anar çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Anar müəllim nitqinə davam edərək dedi ki, bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi, üç yazıçıya Xalq yazıçısı, üç yazıçıya isə Əməkdar incəsənət xadimi fəxri adları verildi: “Bilirsiniz ki, Qarabağ münaqişəsi başlananda məcburi köçkünləri Şüvəlandakı Yaradıcılıq Evinə yerləşdirmişdik. Yaradıcılıq evi Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun hesabına tikilmişdi. Sonrakı illərdə qaçqınlar üçün şəhərciklər salınsa da, Yaradıcılıq evinin təmirə ehtiyacı var idi. Bunu dövlətimizin başçısının diqqətinə çatdırdım, bundan sonra binanın təmirini dövlət öz üzərinə götürdü. Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı. Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Qonaqlar arasında yenicə xalq şairi almış üçlüyü də - Ramiz Rövşən, Vahid Əziz, Musa Yaqubu da görmək olardı. Nədənsə Musa Yaqubun könlündə payız idi. Birtərəfdə əyləşib, susurdu. Yəqin çox yağış yağmışdı və şair gəncliyindəki xanımı çətirsiz yağışın altında qoyub gəlmişdi. Elə Ramiz Rövşəndə bu şəhərdə kimləsə üz-üzə gəlmişdi, başqa şəhərmi axtarırdı, yoxsa elə abu-hava xoşuna gəlməmişdi. Nədənsə Musa Yaqub, Ramiz Rövşən səsi səslər içindən gəlmədi. Və məclisi tez tərk etdilər. Urvatdan düşməmək də yaxşı işdir.

Tədbir bədii hissə ilə davam etdi. Bu hissə daha maraqlı idi. Çünki şairləri dinləməyənlər musiqi səslənəndə “əla” deyə qışqırırdılar.

Gecədə Xalq şairləri Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şeirlərini söylədilər.
Nə deyək, AYB -nin ömrü uzun, canı sağ olsun. Bir ildən sonra qurultayda da bu şəhərdə üz-üzə gəlib, ayrı şəhər axtarmayaq...
Və son oldu, hamı dağlışdı. Qapının ağzında meyxanaçı, şair, publisist, müğənni, sədr daha nələr, nələrin sahibi Namiq Məna peydə oldu. Camaat onu görüb, telefonlara əl atdılar. Şəkillə susduruldu gecə. Hamı özünü xoşnud hiss etdi...