“Ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanda bələdiyyələrin sayı hədindən artıq çoxdur, azaldılmalıdır.
“Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin məcəllədə əksini tapmasını istəyirik”.
Deputat digər bir məsələnin namizəd olmaq üçün tələb olunan sənədlər çox olduğunu deyib. Onun sözlərinə görə, Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədləri təqdim etməli olur.
“Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyələri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.