Azərbaycanda orta illik inflyasiya azalıb - Tahir Mirkişili

12:19 31.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dövlət büdcəsi gəlirlərinin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi nəticəsində hazırlanıb. 2023-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi-siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bugünkü iclasda 2023-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

T.Mirkişili bildirib ki, 2023-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub və yeni dövrün başlandığı il kimi tarixə düşüb.

Onun sözlərinə görə, müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin 100 illiyini ehtiramla yad etdiyimiz 2023-cü il Heydər Əliyev siyasətinə sadiq qalmaqla Azərbaycan dövlətinin ən böyük uğurlar əldə etdiyi il kimi tarixə düşüb.
Eyni zamanda qeyd edib ki, 2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda ucaldıldığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir.

“Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bənd az olub. Beynəlxalq ticarətin artım tempi zəifləmiş, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilmişdir. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artıb. 2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9% azalaraq 6.8% təşkil etmişdir. Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil edib. İnflyasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artıb. Təhlillər göstərib ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb”.