İraq parlamenti Xarici Əlaqələr Komissiyasının üzvü, Mosuldan seçilmiş türkmən əsilli millət vəkili Seyit Muhtar Baba bu gün Azərbaycanın bu ölkədəki Səfirliyinin Müvəqqəti işlər vəkili Nasir Məmmədovla görüşüb.
Hafta.az yazır ki, Səfirlikdə keçirilən görüşdə, millət vəkili Seyit Muhtar Baba Azərbaycan ordusunun erməni işğalı altındakı qədim torpaqlarımızı azad etməsi münasibətilə diplomatı və onun timsalında Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Azərbaycanın bu möhtəşəm zəfəri İraq xalqını, xüsusilə də İraq türkmənlərini çox fərəhləndirir. "Bu müharibədə ədalət Azərbaycanın tərəfindəydi. Azərbaycan öz halal torpaqlarını əsarətdən qurtardı, ərazi bütövlüyünü bərqərar etdi. Bu münasibətlə qardaş Azərbaycan xalqına "gözünüz aydın" deyirəm", - millət vəkili bildirib.
Daha sonra tərəflər birgə əməkdaşlıq müstəvisində fikir mübadiləsi aparıblar.