Araik Arutunyann istefasından sonra separatçı rejimin tör-töküntüləri arasında vəzifə uğrunda mübarizənin başlanması gözlənilən idi və bu yerə ən böyük iddiası olan Samvel Babayanın bu cür çağırışı, insanları meydanlara çağırması da boşalan yerin tutulması ilə bağlıdır.
Bunu hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Ekspert bəyan edib ki, bu gün separatçı rejimin, Paşinyan və komandasının ayrı-ayrılıqda verdiyi bəyanatları onu deməyə əsas verir ki, Qarabağda olan ermənilərin Azərbaycan qanunları ilə yaşamaq niyyətləri yoxdur.
“Beynəlxalq təşkilatların sərsəm bəyanatlarından ruhlanan, Yunanıstanla, Hindistanla hərbi əməkdaşlıq müqaviləsi imzalayan, Fransadan müvafiq silah-sursat, İrandan dronlar alan, sərhəddə ağır silahlı texnika yığan Ermənistan, separatçı rejim faktiki olaraq sülh istəmədiyini açıq şəkildə göstərir. Bütün bunlardan sonra Azərbaycanın, konkret güc strukturlarının müvafiq addımlar atması lazımdır”.
R.Bayramov vaxtın Azərbaycanın əleyhinə işlədiyini deyib.
“Bizim daha 30 il danışıqlara boş vaxt sərf etməyə niyyətimiz yoxdur. Vaxtın uzanması Ermənistana yenidən silahlanmaq, II Qarabağ savaşında darmadağın olmuş ordusunu bərpa etmək imkanı verir. Ona görə də gözləməli deyilik. Əgər tərəflərdən biri danışıqlara hazır olduğunu bəyan edirsə, amma separatçı rejim hər dəfə Azərbaycanın danışıqlarla bağlı müraciətlərinə "yox" deyirsə, bir yol qalır: hərbi əməliyyatların başlanması”.
R.Bayramov bəyan edib ki, Azərbaycanın konkret beynəlxalq birlik tərəfindən tanınan sərhədləri var. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu mübahisələndirən hər hansı bir ölkə, hər hansı bir beynəlxalq qurum yoxdur. Cənab Prezidentin Blinkenlə görüşü zamanı dediyi kimi, Azərbaycan öz ərazisində separatizmin hər hansı bir təzahürlərinə dözmək fikrində deyil. Bu, o mesajı verir ki, separatçı rejim ya silahı yerə qoymalı, hərbi birləşmələri ərazimizi dərhal tərk etməli və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşamaq istədiklərini bəyan edib Azərbaycan vətəndaşlığını qəbul edərək orda yaşamalıdırlar, ya da konkret sərt tədbirlər görülməlidir. Beynəlxalq hüquq Azərbaycana öz ərazisindəki qanunsuz həbi birləşmələri məhv etmək hüququnu tanıyır”.
Ekspert bildirib ki, Xankəndi və onun ətrafında olan erməni separatçıları Azərbaycan əsgərinə güllə atan, davamlı şəkildə təxribatlar, diversiya hərəkətləri həyata keçirən qeyri-qanuni hərbi birləşmələrdir və onların məhv edilməsi Azərbaycanın müvafiq güc strukturlarının birbaşa vəzifəsidir.
“İndi elə bir mərhələyə gəlib çatmışıq ki, davamlı şəkildə "mən sülh istəyirəm" deməyin yeri qalmır. Bəli, Azərbaycan sülh üçün 5 baza prinsipi irəli sürüb, Azərbaycan sülh prosesində qətiyyətli olduğunu nümayiş etdirib. Amma biz sülh istəyində qətiyyətli olduğumuz qədər, bu tör-töküntülərin təmizlənməsində də qətiyət nümayiş etdirməliyik. Vasitəçi ölkələr, prosesdə iştirak edən tərəflər, xüsusən də Avropa İttifaqı, ABŞ ya Ermənistana və Qarabağda olan separatçı rejimə Azərbaycanla danışıqlar masasında oturub Azərbaycanın tələblərini qəbul etməli olduqlarını başa salmalıdırlar, ya da dərk etməlidirlər ki, bu cür revanşist mövqenin sərgilənməsi Cənubi Qafqazda yeni hərbi əməliyyatlara səbəb olacaq. Bu isə indiki mərhələdə təkcə Azərbaycan və Ermənistan üçün deyil, o cümlədən beynəlxalq birlik üçün heç də arzuolunan olmamalıdır. Burda tək dövlətin ayrı-ayrı strukturlarının, xarici əlaqələrə cavabdeh şəxslərin fəallığı bəs eləməyəcək”.