Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 56,6 mln kvt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 32,1 faiz azdır. Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə günəş elektrik stansiyalarında 79,4 mln kvt-saat enerjisi istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 30,4 faiz artım deməkdir. Məlumata görə, ötən il Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln kvt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,6 faiz çoxdur.
Qeyd edək ki, son illər texnologiya və sənaye fəaliyyəti inkişaf etməkdə olan iqtisadiyyatları qabaqlamaqda davam edir, enerji tələbatı isə 11,4 milyard ton neft ekvivalentindən 2030-cu ilə qədər proqnozlaşdırılan 17,7 milyarda çatacaq. Buna 2040-cı ilə qədər elektrik enerjisinə ehtiyacı olacaq 2 milyard əlavə insanı da əlavə etdikdə, ətraf mühitin çirklənməsinin miqyasını da təsəvvür etmək olar. Bütün bu mənfi tendensiyaların fonunda bərpa olunan enerji mənbələrinin əhəmiyyəti artır. Enerji ekspertləri həm qənaət, həm də ekologiya baxımından daha yaxşı enerji istehsalı sxemləri hazırlamağın tərəfdarıdırlar.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. BEA-nın proqnozuna görə, alternativ enerji mənbələrinin istehsalı 2025-ci ilə qədər 50 faiz artaraq qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcək.
Bu il isə dünyada istehsal olunacaq elektrik enerjisinin üçdə birinin bərpaolunan enerji mənbələrindən əldə ediləcəyi və hava şəraitinin də təsiri ilə bu mənbələrin kömürü üstələyərək ən böyük elektrik enerjisi istehsalı mənbəyinə çevriləcəyi proqnozlaşdırılır. Bərpaolunan mənbələrdən istehsalın artması nəticəsində 2024-cü ildə alternativ enerjinin qlobal elektrik enerjisi istehsalındakı payının 33 faizi keçəcəyi bildirilib. Bu artımla 2024-cü ildə dünyanın ən böyük elektrik istehsal mənbəyi kimi kömürün yerini bərpaolunan mənbələrin alacağı proqnozlaşdırılır. Bu artımda hava şəraiti də mühüm rol oynayır.
Azərbaycanda isə 2027-ci ilədək ölkənin enerji sistemində bərpa olunan enerjinin payının 33 faizə çatdırılması hədəflənib. Belə ki, 2027-ci ilədək 1870 mvt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir. Bununla yanaşı, Azərbaycan hökumətinin bərpa olunan enerji resurslarından istifadə ilə bağlı digər hədəfləri də var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci bəndi məhz “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” adlanır. Sənəddə qeyd olunub ki, elmi-texniki nailiyyətlərə əsaslanaraq, iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji mənbələrinin xüsusi çəkisini artırmaqla iqlim dəyişikliyinin təsirləri azaldılmalıdır.
Yeri gəlmişkən, artıq Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılıb. İşğaldan azad edilmiş 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 mvt-dən yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilib. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorları nəzərə alınaraq, ilkin külək enerji potensialı 500 mvt-dək qiymətləndirilir.
Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev bildirib ki, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında “yaşıl enerji”dən istifadə mühüm əhəmiyyət kəsb edir: “Bu istiqamətdə bütün hədəflər və öhdəliklər Azərbaycanın qoşulduğu beynəlxalq təşəbbüslərə əsaslanır. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələr, o cümlədən Azərbaycan, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) uyğun olaraq, hədəflərini müəyyən ediblər. Azərbaycan NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması məqsədilə 2030-cu ilədək istixana qazları emissiyalarının səviyyəsini 1990-cı illə müqayisədə 35 faiz azaltmağı öhdəsinə götürüb. Baxmayaraq ki, hələ 2016-cı ildə aparılan inventarlaşmaya əsasən, Azərbaycan Respublikasının qlobal emissiyalarda payı cəmi 0,15 faizdir”.
Alim, həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilədək “netto sıfır emissiya” zonası yaradılması üçün böyük potensial var: “Bu ərazilərin enerji təminatını tamamilə bərpa olunan (su, külək, günəş) mənbələrdən əldə etmək mümkündür. Eyni zamanda, mövcud və artırılacaq meşə massivləri emissiya udulmalarını təmin edərək “netto” hədəfə nail olunmasına töhfə verəcək. Həmin ərazilərdə yaradılan “ağıllı şəhər”, “ağıllı kənd”lər emissiyaların qarşısının alınması tədbirlərini də ehtiva edir. Bununla yanaşı, bu ərazilərdə “yaşıl kənd təsərrüfatı”nın tətbiqi və elektrikli avtomobillərin istismarı ilə hədəflərə nail oluna bilər”.
Məsələ ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban isə qeyd edib ki, hələlik Azərbaycanda külək və günəşdən alınan alternativ enerjinin həcmi ümumilikdə istifadə olunan enerji həcmindən dəfələrlə azdır:“Demək olar ki, artıq 10 ildir Azərbaycanda alternativ enerji mənbələrindən elektrik enerjisi əldə edirik. Son üç ilə baxsaq, stabil olaraq, məişət tullantılarının emalı nəticəsində yaranan istiliyi elektrik enerjisinə çevirə bilirik. Ümumi olaraq, Azərbaycanda bir il ərzində istehsal olunan elektrik enerjisindəki xüsusi çəkisinin heç 1 faizi belə deyil. Reallıqda, təxminən, 0.7 faiz təşkil edir ki, bu da çox kiçik rəqəmdir. Azərbaycanda bir ildə daxili bazarda təxminən 24 milyard kvt/saat elektrik enerjisi istifadə edilir”.
Ekspert həmçinin deyib ki, alternativ enerjinin əldə edilməsi üçün kapital qoyuluşu lazımdır: “Alternativ enerjinin yeganə çatışmazlığı stabil enerji olmamasıdır. Məsələn, istilik elektrik stansiyası istiliyi verir və insanlar istədikləri kimi bu istiliyi azalda və ya artıra bilirlər. Alternativ enerjidə isə belədir ki, yay fəslidir amma günəş batır, buludlar gəlir və enerjini ala bilmirsən. Bildiyimiz kimi, ən yaxşı halda günəş panellərindən alınır. Külək enerjisi də həmçinin belə əldə olunur. Bəziləri elə başa düşür ki, külək nə qədər gülü olarsa, o qədər çox enerji almaq olar. Bu, yanlış fikirdir. Külək 4 metr saniyə sürətindən aşağı olduqda ondan elektrik enerjisi hasil etmək gücündə olmur. Külək 20-22 metr saniyə gücündə olanda bu artıq güclü külək hesab olunur və bu zaman da turbinlər dayanır, enerji istehsalı baş tutmur. Enerjinin əldə olunması üçün ən ideal variant isə təxminən, 13-17 metr saniyə gücündə olan külək hesab olunur”.
İ.Şaban onu da vurğulayıb ki, son illər dünyada alternativ enerji mənbələrinə qoyulan kapital qoyuluşu əhəmiyyətli dərəcədə artıb: “Keçən il dünyada alternativ enerji mənbələrinə edilən kapital qoyuluşu 500 milyard dollardan çox olub. Hətta bu, ənənəvi enerjiyə yəni neft, qaz yataqlarının istismarına çəkilən kapital xərclərini üstələyib”.