“Azərbaycanla qida sənayesində ticarət dövriyyəmiz 35 faizi keçir” – İtaliya səfiri

12:21 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın ölkəmizdəki Səfirliyi və İtalya Ticarət Agentliyi Bakı Ofisinin təşkilatçılığı ilə 2024-cü ilin yaz-yay ayları üçün nəzərdə tutulan qida sekorunun təşviqat xarakterli tədbirlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri deyib ki, onlar üçün qida sənayesi mədəniyyətin nümunəsidir.

“Məqsədimiz olduğumuz ölkələrdə öz mədəniyyətimizi təşviq eləməkdir. Xüsusilə də Azərbaycan kimi oxşar mədəniyyətlərə malik olduğumuz ölkələrdə. Qida həm də bizim üçün sosiallaşmağa xidmət edən vasitədir" deyən diplomat qeyd edib ki, Azərbaycanla İtaliya arasında qida sənayesində əməkdaşlıq inkişaf edir: “Azərbaycanla qida sənayesində ticarət dövriyyəmiz 35 faizi keçir. Bu çox yaxşıdır, bu gördüyümüz işlərin səmərəsini, yerli əhalinin mədəniyyətimizi sevdiyini göstərir".

Səfir Taffuri bildirib ki, İtaliya və Azərbaycan mədəniyyətlərində böyük bənzərlik var. Xüsusilə də İtaliyanın güney bölgələrinin mədəniyyəti Azərbaycan mədəniyyətinə yaxındır.

Səfir həmçinin İtaliya mədəniyyətinin çox qədim və sürprizlərlə dolu olduğunu diqqətə çatdırıb.

Diplomat İtaliya dizaynı ilə bağlı tədbirlərin, təqdimatların keçiriləcəyini deyib. Bildirib ki, 22 apreldə Heydər Əliyev Mərkəzində İtaliya dizaynı ilə bağlı tədbir təşkil olunacaq.

İtaliya Ticarət Agentliyi Bakı Ofisinin rəhbəri Andrea Maccanico isə deyib ki, onlar İtaliya məhsullarının statistikasını aparıblar. "Bu günlərdə bir sıra tədbirlər keçirilib. Bunlardan biri Milan mebeli, digəri içkilərlə bağlı olub. İndi istəyirik ki, qida sənayesi üzrə də eyni cür tədbir keçirək.

Cənab Maccanico da yaxın günlərdə təşkil olunacaq tədbir və təqdimatlar barədə məlumat verib.

Bildirib ki, mütəmadi keçirilən tədbir və təqdimatlar Azərbaycan bazarına verilən əhəmiyyətin göstəricisidir. O əlavə edib ki, may və iyun aylarında İtaliyadan qida və içki sənayesini təmsil edən 15-ə qədər şirkətin nümayəndələri Azərbaycana gələcək.

Ticarət Agentliyinin Bakı Ofisinin rəhbəri deyib ki, İtaliyadan Azərbaycan bazarına daxil olan qida inqridentlərinin payı 15 faiz artıb.

İtaliya çaxır sənayesinin məhsullarının Azərbaycan bazarında yeri barədə Andrea Maccanico deyib ki, İtaliya istehsalı olan çaxırlar Azərbaycan bazarında 40 faiz paya sahibdir və bununla da İtaliya bu sahədə Azərbaycan bazarında liderdir.

Daha sonra çıxış edən italiyalı aşpaz Salvatori təqdimat barədə fikirlərini bölüşüb. "İtaliya mətbəxi çox məşhurdur, dövriyyəmiz hər zaman üstün olub. Şəxsən mənim missiyam İtaliya mətbəxini dünyada təşviq etməkdir. Artıq bir ildir Azərbaycandayam, ölkənin əksər bölgələrində olmuşam, yeməklərinizi çox sevirəm. Mən Azərbaycan yeməkləri ilə İtaliya, xüsusilə də İtaliyanın cənub regionlarının yeməkləri arasında çox böyük bənzərlik görürəm", - cənab Salvatori deyib.

“Azərbaycanla iqtisadi əlaqələrimiz artıq çox yaxındır, bu ölkə bizə vacib tərəfdaş ölkələrdən biridir və bura müxtəlif sektorlarla bağlı ixracımız artır”.

Bunu tədbir çərçivəsində jurnalistlərə İtaliya Ticarət Agentliyi Bakı Ofisinin rəhbəri Andrea Maccanico deyib.

"İtaliya transformasiya edən ölkədir, idxal etdiyimiz xammal və enerjidən başqa, İtaliya mexanikanın bütün sahələrində, həm də istehlak mallarının istehsalında mükəmməlliyə malikdir. Məsələn, heç də hamı bilmir ki, İtaliya Kosmos Agentliyi ilə “Azərkosmos” əməkdaşlıq edir. İtalyanlar bütün mümkün yollarla xarici ölkələrlə 360 dərəcə əməkdaşlıq etməyə çalışırlar və təbii ki, Azərbaycanla da uğurlu əməkdaşlığımız var. Azərbaycan hansısa sektoru təkmilləşdirmək, müasirləşdirmək və inkişaf etdirmək istəyirsə, italyanların köməyinə arxalana bilər”, - cənab Maccanico deyib.

O bildirib ki, İtaliya şirkətləri Azərbaycanın Qarabağ bölgəsində işləyir.

"Qarabağda dizayn işləri ilə məşğul olan İtaliya şirkətləri mövcuddur. Bu, əlbəttə ki, tikinti və mühəndislik sektorunu əhatə edir, çünki Qarabağın yenidən qurulması lazımdır və ətraf mühitə az təsir göstərən yaşıl, müasir texnologiyalarla bölgənin tikintisi və yenidən qurulması perspektivləri xüsusilə şirkətlər üçün maraqlıdır", - Maccanico deyib.

O, İtaliya şirkətlərinin COP29-da da təmsil olunacağını da bildirib.

Siyasət rubrikasından digər xəbərlər