“Azərbaycanlılar özlərini Ermənistanda o qədər arxayın aparırlar ki...” - Erməni hüquq müdafiəçisi

17:49 19.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanlılar artıq Ermənistanın açıq qapılarından içəri daxil olurlar. Və özlərini o qədər arxayın aparırlar ki... Gündüz şəhərə çıxır, küçələrdə gəzir, ticarət və xidmət obyektlərindən istifadə edirlər”.

Hafta.az xəbər verir ki, bunu “Hraparak” nəşrinə açıqlamasında yezidi əsilli hüquq müdafiəçisi Ayser İsayan bildirib.

O, avqustun 17-də Armavir şəhərində “iki azərbaycanlını ifşa etməsi”ndən danışıb.

"Azərbaycanlılar şəhərin mərkəzi küçəsi ilə gedirdilər. Sanki öz ölkələrindəymiş kimi, bir-birləri ilə söhbət edərək sakitcə yeriyirdilər.

...Ofisin qarşısında dayanmışdım və diqqətimi səki ilə azərbaycanca danışa-danışa gedən iki orta yaşlı kişi çəkdi. Mən şərqşünasam, bir az fars və kürd ləhcələrini bilirəm. Onların, xüsusilə,türkcə sözlərini tutduğum danışıqları diqqətimi çəkdi.  Onları dayanmağa çağırdım. Onlar tabe olmadılar. Daha ucadan qışqırdım, dayandılar. Yaxınlaşdım, farsca soruşdum ki, ermənicə danışırsız, dedilər, yox. Soruşdum ki, sizin milliyyətiniz nədir? Onlardan biri dedi ki, fars pasportlu azərbaycanlıdırlar. Bu dialoq zamanı onların nitqində nə qədər aqressivlik və sarkazm olmasını təsəvvür edə bilməzsiniz. Bu o deməkdi ki, bizim burada olmağımız sizin xoşunuza gəlməsə də, bizim üstünlüyümüz var…”

Daha sonra “Hraparak” yazır:

“Lazımsız bəlaların qarşısını almaq üçün İsayan polisə - 1-02 nömrəsinə zəng edib. Amma baş verənləri telefonla xəbər verməzdən öncə  yoldan keçən polis maşını görüb və onu saxlayıb. Bundan istifadə edən azərbaycanlılar qaçıblar”.

"...Və film başladı. Qaçdılar, polis onları təqib etdi. Mən haray çəkib vətəndaşların diqqətini azərbaycanlıların təqib və həbs olunmasına yönəltdim. Şəhərin o hissəsində elə hay-küy yarandı ki, hamı piyada və ya maşınlarla onların arxasınca qaçmağa başladı. Polislər və şəhər camaatının birgə səyi ilə biz həmin iki nəfəri bir parkın yaxınlığında tutduq”,- deyə yezidi hüquq müdafiəçisi  davam edir.

Onun sözlərinə görə, azərbaycanlılar Armavir polis şöbəsinə aparılıb. 

“Polisdə erməni vəkillərin azərbaycanlıların yanına gəldiyini görəndə özümü təhqir olunmuş hesab etdim. Sənədlərini təqdim etdilər… Bu mənzərəyə dözmədim, vəkilləri təhqir etməmək üçün çıxdım... Qəzəbləndim. Yaxşı, sənin milli ləyaqətin incimirmi ki, əlini uzadıb düşməndən pul alırsan? Peşəkar vicdanınız sizə necə imkan verir ki, alçaldılan və məsxərəyə qoyulan bir ölkədə düşmənlərin maraqlarını müdafiə edəsiniz...”- deyə İsayan çərənləyib.