"Elektrik enerjisi ilə bağlı qoyulan investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi. Vaxt var idi, ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi, gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik".
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkəmizin enerji ilə təminatı sahəsində son on beş ildə görülən işlərə verilən dəyər idi.
Bəli, Azərbaycan xalqı müharibə şəraitinin, səriştəsiz dövlət idarəçilərinin "əməyi" sayəsində infrastrukturu tamamilə dağılmış və qaranlıqlara qərq olmuş bir ölkədə yaşadığı zamanları əsla unutmayıb. Bizi həmin dövrlərdən çox da böyük zaman kəsiyi ayırmır. Bu gün isə ölkəmiz, Prezident İlham Əliyevin də vurğuladığı kimi, enerji idxal edən, qaranlıqlara qərq olmuş dövlətlərə işıq verən bir ölkəyə çevrilib. Bu işlər gərgin əməyin, Azərbaycan energetiklərinin yorulmaz fəaliyyətinin nəticəsidir.
Sirr deyil ki, hər bir dövlətin iqtisadi inkişafı, təhlükəsizliyinin təmini fasiləsiz enerji ilə təminatdan çox asılıdır. Bu səbəbdən, dövlət başçısı keçirdiyi bütün iclaslarda ölkənin enerji istehsalı gücünün artırılması barədə ciddi tapşırıqlarını verir. Bu işdə "Azərenerji" ASC-nin üzərinə böyük məsuliyyət düşür.
Təxminən, bir il əvvəl Mingəçevirdə baş verən qəzalar nəticəsində ölkəmizin iqtisadiyyatına dəyən ziyanı, insanların keçirdikləri narahatlıqları, həyati əhəmiyyət daşıyan dövlət müəssisələrindəki durumu heç birimiz unutmamışıq. Bu hadisəyə Prezidentin dərhal və operativ reaksiyası qısa zaman kəsiyində məlum problemin nəticələrinin aradan qaldırılmasında xüsusi rol oynadı.
2018-ci il iyulun 3-də baş vermiş qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq, dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı” əsasında ötən ilin sentyabrdan etibarən təxirəsalınmaz tədbirlər görülür.
2019-cu ilin ilk 4 ayı ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən işlər nəticəsində 230 meqavat güc bərpa edilib. Bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə, təmirdən sonra 6 saylı enerji blokunda 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kilovoltluq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 meqavat artaraq 2 000 meqavata çatacaq.
“Reabilitasiya proqramı” çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” modultipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. “Reabilitasiya Proqramı”na müvafiq olaraq, hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidənqurulması istiqamətində işlər görülür.
“Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında da itirilmiş gücün bərpa olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” ES-də mövcud 18 aqreqatdan 4-ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsrlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində, 30 meqavat itirilmiş güc bərpa olunub.
Eyni zamanda, işləməyən 4 aqreqatdan 1-i yenisi ilə əvəz edilib, digərinin isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin 2 aqreqatın işə düşməsi nəticəsində, əlavə 32 meqavat itirilmiş güc bərpa olunub. Bununla da “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla, ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir addım atılmış olacaq.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” elektrik stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb.
Stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tonadək çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electric”, “ABB” şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” elektrik stansiyası təkrar işə qoşulub.
Ümumilikdə ötən ilin sentyabrından sonra aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində “Şimal-1” Elektrik Stansiyasının gücü 350 meqavatdan 380 meqavata qaldırılıb.
Stansiyada görülən işlərlə paralel olaraq təməli Prezident İlham Əliyev tərəfindən qoyulan 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının tikintisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” elektrik stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birgə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarda “Şimal-2” elektrik stansiyası istismara buraxılacaq. Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kilovat/saat elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerji sistemi üçün olduqca ciddi nəticədir.
“Azərenerji” ASC Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Sistemtəşkiledici 220 kilovoltluq “Xırdalan”, Badamdar qəsəbəsindəki “Müşfiq” yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur.
Son məlumatlara görə, ötən ilin payızından etibarən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində yenidən qurulan yarımstansiyalardan əlavə, digər yarımstansiyaların transformatorlarının təmir edilməsi, dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi nəticəsində 250 meqavatamperdən çox güc artırılıb.
“Reabilitasiya Proqramı” çərçivəsində tək itirilmiş gücün bərpası yox, eləcə də bu sahədə çalışanların sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Belə ki, proqram çərçivəsində energetika sistemində çalışan 5 min 600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməkhaqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində bir çox tədbirlər reallaşdırılıb.
“Azərenerji” ASC “Reabilitasiya Proqramı”nın həyata keçirilməsi ilə bağlı dünya təcrübəsindən də səmərəli şəkildə istifadə edir. Belə ki, qurum modernləşdirmə istiqamətində xüsusi addım ataraq, dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” şirkəti ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.
Müqaviləyə əsasən “McKinsey&Company” şirkəti modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisistemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq, “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.
Görülən işlərin nəticəsi kimi, Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, eyni zamanda, analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. Qeyd edək ki, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, obların da hər ikisində “Azərenerji” ASC uğur əldə edib. “Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı bu sahədə görülən və görüləcək işlərlə bağlı öz gözləntilərini açıqlamışdı. Ölkə başçısı qeyd edib: “İlin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək. Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda, ən azı, 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz “Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, o da təqribən, 400-500 meqavat gücünə malik stansiya olacaq, - bizim enerji potensialımız daha da artacaq, ölkəmizin artan sənaye potensialı, artan əhali, əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcək”.
Bəli, Azərbaycan Prezidenti bu işdə uğur qazanacağımıza əmindir. Biz də inanırıq ki, "Azərenerji” ASC-nin kollektivi dövlət başçısının onlar qarşısında qoyduğu bu vəzifələrin öhdəsindən layiqincə gələcək, onlara olan inam və etimadı sonuna qədər doğruldacaqlar.
Azad Əliyev
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün