Rumıniyanın “StiriPeSurse” nəşri yazır ki, Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan yüksəkgərginlikli sualtı elektrik kabeli Avropa ilə Cənubi Qafqaz arasında yeni strateji enerji bağlantısı yaradacaq. Layihə Rumıniyanı Avropanın enerji təhlükəsizliyində əsas ölkələrdən birinə çevirə bilər.
Hafta.az xəbər verir ki, nəşrin məlumatına görə, Rumıniyanın “Transelectrica” və Gürcüstanın “Georgian State Electrosystem” şirkətləri layihənin növbəti mərhələsinə keçidlə bağlı memorandum imzalayıb. Sənəd texniki və dəniz tədqiqatlarının aparılmasını, ətraf mühitə təsirin qiymətləndirilməsini, maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsini və Avropa institutları ilə birgə fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.
“StiriPeSurse” qeyd edir ki, uzunluğu təxminən 1200 kilometr olacaq yüksəkgərginlikli (HVDC) sualtı kabel Rumıniya ilə Gürcüstanı Qara dəniz vasitəsilə birləşdirəcək. Layihənin dəyəri hazırda təxminən 3,5 milyard avro qiymətləndirilir və yekun məbləğ texniki araşdırmaların nəticələrindən asılı olacaq.
Məqalədə vurğulanır ki, bu interkonnektor Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” layihəsinin əsas hissəsidir. Layihə çərçivəsində Azərbaycanda istehsal olunan, xüsusilə bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniyaya, buradan isə digər Avropa ölkələrinə ötürüləcək.
Nəşr bildirir ki, Avropa İttifaqı layihəni strateji əhəmiyyətli enerji təşəbbüslərindən biri hesab edir. Yeni enerji marşrutu Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənubi Qafqaz ilə Avropa arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Bu baxımdan Azərbaycanın yaşıl enerji ixracatçısı kimi rolu daha da güclənəcək.