İndoneziyanın nüfuzlu kütləvi informasiya vasitələri Bakı şəhərində keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.
“dunia.rmol.id”, “aceh.tribunnews.com”, “serambinews.com”, “foto.tempo.co”, “sinarpost.com” və digər saytların yaydıqları informasiyalarda, “Serambion TV” telekanalında yayımlanan reportajda Zəfər paradının möhtəşəmliyi haqqında ətraflı məlumatlar yer alıb.
Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlar yer alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, müharibənin ilk saatlarından Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib. “Bu, bizim birliyimizin, qardaşlığımızın nümunəsidir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Məlumatlarda Bakının mərkəzində yerləşən Azadlıq meydanında Ermənistan ordusundan qənimət kimi götürülmüş hərbi texnikanın bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus ən müasir döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.