Bakıda Rumıniyanın Milli Günü qeyd edilib - FOTO

19:45 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Rumıniyanın Milli Günü  və Böyük Birlik Gününün  105 illiyi münasibətilə r’smi qəbul təşkil edilir.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Bayram nitqi ilə çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare bildirib ki, 105 il öncə, I Dünya müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan İmperiyalarının parçalanması nəticəsində Alba Yuliya şəhərində ölkənin və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün rumınların Böyük Birliyi elan edilib.

"Yüz illər sonra rumınlar öz unitar milli dövlətini - Rumıniyanı qurmağa nail oldular. Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin təmin edilməsi, "Dəmir Pərdə”nin süqutu ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq bir çox digər beynəlxalq təşkilatların fəal üzvü oldu və bu gün qonşuluğunda məsuliyyətli siyasətini təşviq etməkdədir", - diplomat qeyd edib.

Səfir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyəsindən də söz açıb: "Azərbaycan Respublikası ilə münasibətlərdə, Rumıniya 1991-ci ilin 11 dekabr tarixində Türkiyədən sonra, dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət, 2009-cu ildə isə Rumıniya Azərbaycanla yüksək səviyyəli Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni təklif edən və bunu imzalayan ilk Avropa İttifaqına üzv dövlət olub. Son 2 ildə Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq nümunəvi dinamika nümayiş etdirib. Prezident İlham Əliyev 2022-ci ilin dekabr ayında Rumıniyaya, Prezident Klaus Iohannis 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib. Parlament dialoqu əhəmiyyətli dərəcədə aktivləşib - Rumıniya Parlamentinin Deputatlar Palatasının Sədri 2023-cü ilin fevral ayında Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin oktyabr ayında Rumıniyaya səfər edib. XİN səviyyəsində Rumıniya-Azərbaycan dialoqu davamlı olub, 2023-cü ilin 6 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Buxarestə rəsmi səfəri baş tutub”.

İqtisadi sahədən danışan səfir bildirib ki, 2022 və 2023-cü illərdə Bakıda və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib və Rumıniya-Azərbaycan ticarətində nəzərəçarpacaq artım müşahidə olunub ki, bu da təqribən 700 milyon dollar təşkil edib. “Energetika sahəsində, Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla birgə çalışırlar. Bunlara ilk növbədə Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi aiddir. 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükünə dair ilk müqavilə həyata keçirilir. Azərbaycandan Gürcüstana və Qara dəniz vasitəsilə Rumıniyaya maye təbii qazın nəqli layihəsi də bura daxildir” deyən diplomat qeyd edib ki, ölkələrimiz Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdırlar.

Azərbaycan dövləti adından çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dost və qardaş ölkələrimiz arasında inkişaf edən əlaqələr mövcuddur. O cümlədən, Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin yarıdan çoxunu xam neft və neft məhsulları təşkil edir.

"Ölkələrimiz arasında uğurlu siyasi əlaqələr iqtisadi tərəfdaşlığın genişlənməsinə, ticarət-iqtisadi əməkdaşlığın şaxələndirilməsinə töhfə verir. Bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 48 faiz artaraq 526 milyon dollara çatıb. Burada 56,5 faiz payla xam neft və neft məhsulları aparıcı rol oynayır. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, SOCAR-ın Rumıniyada fəaliyyətini genişləndirməsi, o cümlədən ölkənin 28 regionunda 74 yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq anbarının olması enerji sektorunda qarşılıqlı faydalı əlaqələrin göstəricisidir.

"Hazırda enerji müstəvisində əməkdaşlığımız şaxələnir və enerji təchizatı sahəsində ümumavropa miqyası əldə edir. SOCAR və Romgaz SA arasında qaz tədarükü, "Qara dəniz LNG" layihəsi, "Həmrəylik halqası" təşəbbüsü və Xəzər - Qara dəniz - Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlığımız enerji sahəsində Azərbaycan - Rumıniya əlaqələrinin möhkəmləndirilməsi üçün geniş perspektivlər açır. Bu layihələr Rumıniyaya digər Avropa ölkələri üçün tranzit rolunu oynamağa, eləcə də Azərbaycan qazının və yaşıl enerjinin istehlakçısına çevrilməyə imkan verir. Xüsusilə Rumıniyanın “Yaşıl enerji dəhlizi” layihəsində iştirakı və bu dəhliz üzrə Orta Asiyadan Avropaya elektrik enerjisinin ötürülməsində iştirak perspektivi ölkənin gələcəkdə strateji əhəmiyyətini daha da artıracaq", - deyə nazir vurğulayıb.

Daha sonra bayram tədbiri rumıniyalı musiqiçilərin konsert proqramı ilə davam edib.  

Oxunma sayı 412
Siyasət rubrikasından digər xəbərlər