Bu il yeni bal yarmarkasının təşkili nəzərdə tutlmur. Bu barədə Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı hafta.az-a açıqlamasında bildirib. O, həmçinin əlavə edib ki, il sonuna qədər bu tipli yarmarkalar təşkil edilə bilər, hansı ki onun içində digər məhsullarla yanaşı bal da satılması mümkündür:
“Mən özüm bal yarmarkasında koronavirusa yoluxdum. Buna görə də, pandemiyaya görə hələlik növbəti yarmarka nəzərdə tutulmayıb”.
Mətbuat katibinin sözlərinə görə, ötən həftə başa çatan yarmarkada 250 arıçı iştirak etsə də, onlar arasında satışa keyfiyyətsiz məhsul çıxaranlar var idi:
“Yarmarkanın faydası budur ki, arıçılar məhsullarını satdılar. Təbii ki, bu işdə nöqsanlar da var. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi hər 3 ədəd 50 kiloqramlıq bal qabının 1-dən və hər 10 bal pətəklərinin 1-dən nümunə götürür. Təsəvvür edin ki, 150 kiloqram baldan yalnız bir nümunə götürüləndə, 10 pətək - 25-30 kq olduğundan ondan da 1 yoxlama aparılır. Bu da təbii olaraq məntiqsizlik yaratmış olur. Bundan başqa bəzi regionlardan reallıqda arıçı olmayan şəxslər yarmarkaya qatılmışdı. Hansı ki, onlarıb adına arı var, lakin normal arıçı deyillər”.
E.Bayramlı bildirir ki, indi keyfiyyətli arıçı azdır. Bununla mübarizə aparmaq isə çətin. Keyfiyyətsiz arıçıların çoxluğu uzun illərdir davam edən problemlərdəndir. Həll etmək üçünsə daha sərt qaydalar olmalıdır:
“Assosiasiyanın mübarizə üçün maddi imkanları yoxdur. Biz arıçılardan heç bir vəsait toplamırıq, əlavə gəlirimiz də olmur. Bura ictimai birlikdir, maddi gəlir olmadan da hər hansı işi görmək olmur. Əlbəttə əlaqələrimiz var, dövlət qurumları ilə görüşürük, müzakirələr aparırıq. Lakin pandemiya buna da mane olur”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən sonuncu bal yarmarkası 20 0ktyabrdan 7 noyabra qədər baş tutub.