"Kart sahibi şəxsi məluamtlarını başqa birisinə ötürürsə, pulların kartdan çıxarılmasına yol açır. Dəfələrlə qeyd edilib ki, bank kartının üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kod və s.hamısı məxfi məlumatlardır. Bu məlumatları sizə zəng edən, mesaj göndərən, müxtəlif təkliflər edən naməlum şəxslərə vermək olmaz".
Bunu Hafta.az-a açılamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.
Mütəxəssis qeyd edib ki, bu məlumatlardan hər hansı biri başqa bir adama ötürüldüyü halda, vətəndaş hesabındakı pulun oğurlanmasına şərait yaratmış olur: "Kiberdələduzların istifadə metodları müxtəlifdir, bitib-tükənmir. Hər dəfə yeni bir üsul, aldadıcı vasitə tapır və insanların şəxsi kart məlumatlarını ələ keçirib pulları kartdan oğurlamağa çalışırlar. Vətəndaşlar ayıq olmalıdır. Məsələn, vətəndaşa müxtəlif dövlət qurumları və ya bank sektorunun əməkdaşı adı ilə zənglər olunur və onların şəxsi məlumatları ələ keçirilməyə çalışılır. Bu kimi risklərə qarşı vətəndaşların maarifləndirilməsi və rəqəmsal təhlükəsizlik biliklərinin artırılması vacibdir. Müvafiq qurumlar bu istiqamətdə müxtəlif layihələr həyata keçirsə də, fərdi ehtiyatlılıq və texnoloji trendlərdən xəbərdar olmaq hər bir insan üçün vacibdir. Kiberdələduzluq halları ilə qarşılaşmamaq üçün hər hansı naməlum zənglərə, xüsusilə xarici ölkələrə məxsus nömrələrdən gələn zənglərə, şübhəli mesajlara və gözlənilməz təcili müraciətlərə qarşı diqqətli olmaq lazımdır. Telefona gələn mesajlara, təkliflərə diqqətli yanaşmaq, şübhəli keçidləri “klik”ləmək lazım deyil".