Baydenlə eyni xəstəliyi paylaşan LİDERLƏR

09:42 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub. Xəstəlik "aqressiv", hormonlara həssas və sümük metastazları ilə xarakterizə edildi. Diaqnozun onun prezidentliyindən sonra qoyulması faktı həm Amerika ictimaiyyətində, həm də qlobal miqyasda liderlərin sağlamlıq vəziyyəti ilə bağlı şəffaflıq haqqında müzakirələri qızışdırıb.

Hafta.az-ın yazdığına görə, prezidentliyi dövründə səhhətinin satit olduğu bildirilən Baydenin vəzifədən getdikdən qısa müddət sonra prostat xərçəngi diaqnozu qoyulması bir çox dairələrdə “gec diaqnoz” müzakirələrinə səbəb oldu. Gleason balı 9 olaraq açıqlanan xəstəlik, prostat xərçəngində ən yüksək risk qrupuna uyğun gəlir. Xərçəngin hormon terapiyasına həssaslığı indiki müalicə protokollarını mümkün edir.

Mütəxəssislərin fikrincə, prostat xərçəngi xüsusilə yaşlı insanlarda rast gəlinir və onun aqressiv növləri tez yayılmağa meyllidir. Baydenin diaqnozu da sümük metastazlarının olması səbəbindən ciddi mərhələdədir.

Co Baydenin sağlamlıq vəziyyəti gündəmə gəlsə də, tarixdə oxşar xəstəliklərdən əziyyət çəkən dünya liderlərinin keçmişləri də yenidən müzakirə mövzusuna çevrilib. Bir çox liderlər ciddi xəstəliklərini ictimaiyyətdən gizlətməyə üstünlük versə də, bəziləri diaqnozlarını açıqlayaraq ictimaiyyəti məlumatlandırıb.

Fransua Mitteran

Fransanın eks prezidenti Fransua Mitteranda 1981-ci ildə prostat xərçəngi diaqnozu qoyulsa da, bu məlumatı 1992-ci ilə qədər gizli saxladı. O, vəzifədə olduğu müddətdə xəstəliyin təsirlərini kamuflyaj etməyə çalışdı. 1995-ci ildə vəzifəsini tərk edən Mitteran 1996-cı ildə xəstəliyinin irəliləməsi səbəbindən vəfat edib.

Li Hsayen Lunq

Sinqapurun keçmiş baş naziri Li Hsayen Lunq fərqli yanaşma nümayiş etdirib. 2015-ci ildə prostat xərçəngi erkən mərhələdə aşkar edildikdən sonra ictimaiyyətə açıq şəkildə məlumat verildi. Uğurlu əməliyyat keçirən Lunq hələ də vəzifəsini ötən ilədək hökumət başçısı olub. Bu hadisə liderlərdə erkən diaqnozun nə qədər vacib olduğunu ortaya qoyub.

Zin əl-Abidin Ben Əli

Tunisin keçmiş prezidenti Zin əl-Abidin Ben Əli (Tunis) illərlə prostat xərçəngi ilə mübarizə apardı, lakin onun xəstəliyi heç vaxt rəsmi olaraq açıqlanmadı. 2019-cu ildə 83 yaşında dünyasını dəyişəndə onun ​​xəstəliyi barədə ictimaiyyətə məlumat verilib.

Mobutu Sese Seko

Zairin keçmiş prezidenti Mobutu Sese Seko 1997-ci ildə 66 yaşında inkişaf etmiş prostat xərçəngindən vəfat edib. Sümük metastazı halı xəstəliyin uzun müddətdir bədəndə yayıldığını göstərdi.

Feliks Houfouet-Boiqni

Kot Divuarın keçmiş prezidenti Feliks Houfouet-Boiqni də prostat xərçəngindən vəfat edən liderlər arasındadır. O, vəzifədə olarkən diaqnoz qoyulub və sağlamlıq vəziyyəti ictimai fərziyyələrə səbəb olub.

Coşua Nkomo

Zimbabvenin keçmiş vitse prezidenti Coşua Nkomoya da uzunmüddətli vəzifədə olduğu dövrdə diaqnoz qoyulmuşdu. Əslində onun tibbi durumu xalqdan gizlədilməyib. O, 1999-cu ildə 82 yaşında vəfat edib.

Nik Əbdül Əziz bin Nik Mat

Malayziyalı siyasət və din adamı Nik Əbdül Əziz bin Nik Mat ən azı beş il prostat xərçəngi ilə mübarizə aparıb. O, 2015-ci ildə 84 yaşında dünyasını dəyişəndə ​​xalq səhiyyəsində nümunəvi şəxsiyyət kimi yadda qalıb.

Qeyd edək ki, Dövlət başçılarının sağlamlıq vəziyyəti xüsusilə böhran dövründə mühüm təhlükəsizlik və siyasi sabitlik məsələsi kimi qiymətləndirilir. Bu səbəbdən bir çox liderlər ciddi xəstəliklərini gizlətməyi seçirlər. Lakin bu vəziyyət həm də şəffaflıq və demokratik nəzarət baxımından mühüm müzakirələri də gətirir.

ABŞ-da Franklin D. Ruzveltin ürək xəstəliyi, Con F. Kennedinin Addison xəstəliyi və Donald Trampın sağlamlıq hesabatları da oxşar şəkildə gündəmə gəlib. Baydenin aqressiv prostat xərçəngi diaqnozu da bu zəncirə əlavə edilib.

Prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. 50 yaşdan yuxarı şəxslər üçün mütəmadi olaraq skrininq testləri erkən diaqnoz və uğurlu müalicə üçün həyati əhəmiyyət kəsb edir. Ailəsində xərçəng xəstəliyi olan insanların PSA testi kimi müntəzəm müayinələrdən keçmələri tövsiyə olunur.