Bələdiyyələri birləşdirən səbəblər

21:16 02.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bələdiyyələrin sayı, təxminən, iki dəfə azaldılacaq. Bununla bağlı Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, min evdən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Sənəddə qeyd olunur ki, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq. Layihəyə əsasən, adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

Yeri gəlmişkən, hazırda ölkədə 1 606 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək. Milli Məclis bununla bağlı layihə sənədini martın 1-də müzakirəyə çıxaracaq.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, Azərbaycanda bələdiyyə institutunun təkmilləşdirilməsi məsələsi vacib idi: “Məlum olduğu kimi, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilərkən Konstitusiyaya istinad edilmişdi. Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv olması haqqında qanunvericilik də var. Qanuna uyğun olaraq, vətəndaşların xahişi ilə hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıla bilər. Sonrakı müşahidələr göstərdi ki, kiçik bələdiyyələr özünü doğrultmur. Onların torpaq sahəsi, mülkiyyəti yoxdur və maliyyə vəsaitləri həddən artıq azdır. Bu gün bələdiyyələrin sayı olduqca çoxdur. Məsələn, əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə təxmini 200-250 bələdiyyə fəaliyyət göstərir. Ona görə də parlamentdə dəfələrlə bu məsələ qaldırılıb”.

Deputat vurğulayır ki, bu gün kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır: “Bir çoxları deyir ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bugünümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti yüksəldilməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidir: “Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. Bələdiyyələr birləşəcəksə onların maliyyə vəsaiti də artacaq. Bu zaman həm idarəetmə yaxşı olacaq, həm də kadrların səviyyəsi yüksələcək. Bələdiyyələrin bu gün kifayət qədər səlahiyyəti var. Onların bir çoxu bu səlahiyyətləri müəyyən qaydada həyata keçirə bilmir. İşini görə bilməyən bələdiyyələr yeni səlahiyyətlər istəyir. Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”.

T.Rzayev vurğulayır ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək: “Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətləndirilir, lakin belə deyil. Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosiasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.

Mövzu ilə bağlı ekspert Abil Bayramov isə qeyd edir ki, bələdiyyələrin sayının azaldılması müsbət hal olsa da, məsələyə kompleks yanaşma vacibdir: “Bələdiyyələrin sayının azaldılması hesabına böyüdülməsi yaxşı təşəbbüsdür. Amma təkcə say azaltmaqla bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək mümkün deyil”. Bununla yanaşı, digər islahatlar da paralel aparılmalıdır. Həmçinin bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, səlahiyyətlərinin tam və müstəsnalığının təmin olunmasına ehtiyac var. Yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulmuşuq. Xartiyanın tələbinə əsasən bələdiyyələrin öz səlahiyyətlərini həyata keçirməyə imkan verəcək dayanıqlı maliyyə mənbələri olmalıdır. İndiki qanunla təsbit olunmuş maliyyə mənbələrinə diqqət yetirəndə həmin mənbələrin dayanıqlı olmadığını görürük. Məsələn, bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisi ala bilər. Digər mənbə yerli əhəmiyyətli tikinti materiallarından götürülən mədən vergisidir. Bələdiyyələrin mütləq əksəriyyətinin ərazisində isə yerli əhəmiyyətli tikinti materialalı yoxdur. Başqa maliyyə mənbəyi bələdiyyə müəssisəsindən alınan mənfəət vergisidir, amma belə müəssisələr də demək olar ki, mövcud deyil. Yəni hazırda bələdiyyələr üçün tanınan maliyyə mənbələri dayanıqlı və bələdiyyənin səlahiyyətini həyata keçirməsini təmin edə biləcək qədər yetərli deyil”.