Bəzi dərman vasitələri apteklərdən niyə “yoxa çıxıb”? - SƏBƏB

15:22 26.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar apteklərdə bəzi dərman preparatlarının qıtlığı yaşanır. Əczaçılar isə deyirlər ki, bu vasitələr onlara depolardan gəlir, ara-sıra müxtəlif dərmanlarla bağlı bu tip problemlərlə üzləşirlər. Lakin sonra, yenidən gətirilirlər. Bəs görəsən, bu qıtlığın səbəbi nədir? Tapılmayan dərmanların ölkəyə gətirilməsi, yoxsa satılması zamanı maneələr var?

Məsələ ilə bağlı hafta.az-a danışan  tibb ekspert Rasif Bağırov bildirdi ki, bu Tarif Şurası, depolar və firma rəhbərləri arasında yaranan problemin əmələ gətirdiyi haldır.

Belə ki, əvvəllər dərman firmalarının hər birinin özünün ayrıca depoları var idi. Həmin depolar vasitəsilə apteklərlə əlaqə saxlanılırdı və dərmanlar verilirdi. Bəzən depolar eyni tərkibli dərmanları olduqda bir-birləri ilə rəqabətə girirdi. Bu da  qiymətlərin düşməsinə səbəb olaraq, alıcılara sərf edirdi. Firmalar da öz növbəsində mütəmadi olaraq  həmin dərmanları gətirirdi.  Sonralar müəyyən qüvvələr dərman firmalarına nəzarəti öz əllərinə keçirdi. Hər şey də bundan sonra başladı:

“Bundan sonra özlərinə müxtəlif adlarda depo yaratdılar. Xaricdən dərman gətirən firma rəhbərlərinə isə dedilər ki, siz artıq sərbəst şəkildə apteklərə heç nə sata bilməzsiniz. Məhsulları depolara verməlisiniz, onlar apteklərə paylamalıdırlar. Digər tərəfdən də Tarif Şurası dərman vasitələrinə qiymət qoymağa başladı. Belə olan hallar da, sahibkarların işinə məhdudiyyətlər qoydu.  Bəzən hansısa məhsulu bazardan çıxarmaq üçün ona elə qiymət qoyurlar ki, nə həkim onu yaza bilmir, nə də vətəndaş ala bilmir. Nəticədə bəzi dərmanların satışı olmur. Çünki dərman gətirən firma onu satmağa maraqlı olmur. Firmalar da baxırlar ki, hansının qiyməti özlərinə sərfəlidir, onu gətirib satırlar. Nəticədə də apteklərdə müəyyən vasitələrin çatışmazlığı yaranır”.