Bəzi səlahiyyətli şəxslər qaydalara əməl etmirlər - Adil Əliyev

13:46 22.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu həftənin səs-küylü müzakirəsi Ramiz Mehdiyevin nəvəsinə toy etməsi oldu. Prezidentin çağrışlarına əks gedən, karanatin qaydalarını pozan sabiq PA rəhbəri nəvəsinə dəbdəbəli toy edib. Toy mərasimində bir sıra vəzifəli şəxslər də iştirak edib. Bu isə ölkədə birmənalı qarşılanmayıb.

Hafta.az xəbər verir ki, məsələyə münasibət bildirən vitse-spiker Adil Əliyev bildirib ki, Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır: "Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır. Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın".