Binalar üçün minimum enerji sərfi

20:13 01.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu Qərara əsasən təkmilləşdirilmiş tikinti norma və qaydaları əsasında “Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etməlidir.

Qaydaya əsasən, binalarda enerji sərfinin hesablanması metodologiyası binaların enerji sərfiyyatına təsir edən və bu Normalarda qeyd olunan parametrləri nəzərdə tutur. Hesablama ilkin enerji resursları əsasında aparılır. Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

- yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

- tibb müəssisələri;

- təhsil müəssisələri;

- istehsalat binaları və anbarlar;

- inzibati təyinatlı binalar (ofislər);

- digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında bu Qaydada qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:

- binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

- binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

- binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

- mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

- daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

- təbii və mexaniki havalandırma sistemləri;

- işıqlandırma (təbii və ya süni) sistemləri;

- binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

- bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

Bəs, görəsən enerji sərfinin hesablanması hansı məqsəd daşıyır və bu hesablanma ölkəyə nə verəcək?

Məsələni qəzetimizə şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkə Prezidentinin binaların enerji effektivliyinin təmin olunması ilə bağlı fərmanı mövcuddur: “Nazirlər Kabineti də bu fərmana əsasən qaydalar müəyyənləşdirib. Burada əsas məsələ ondan ibarətdir ki, enerji effektivliyi, enerjidən istifadənin səmərəliliyi, qənaətlilik, təminatın yaxşılaşdırılması təmin edilsin. Dövlətin qarşısında duran məsələdir ki, enerji təminatı zamanı həm effektivlik olsun, həm səmrəlilik, həm də qənaətlik prinsipi qorunsun. Burada söhbət həm mövcud, həm də yeni layihələndirilən binalardan gedir. Enerji sərfinin hesablanması vətəndaşların xərclərinin azalmasına gətirib çıxaracaq, eyni zamanda zərərin aradan qalmasına imkan verəcək. Tutaq ki, bəzi vaxtlar görürük ki, mənzillərə norma daxilində elektrik enerjisi ötürülmür və nəticədə vətəndaşların əmlakına ciddi zərər dəyir. Yəni, bu addım həm təminatı yaxşı səviyyədə saxlamağa, həm də vətəndaşların xərclərinin azalmasına imkan yaradacaq”.

Energetika Nazirliyindən isə məsələ ilə bağlı bildirilib ki, ölkə Prezidentinin 21 avqust 2022-ci il tarixli fərmanına əsasən binalar üçün minimum enerji effektivliyi normalarının və binaların enerji effektivliyi üzrə pasportlaşdırma qaydalarının təsdiq edilməsi tapşırılıb:

"Binalar üçün minimum enerji effektivliyi normaları" binaların enerji effektivliyi üzrə sinifləndirilməsi məqsədilə normaların müəyyən edilməsi məqsədi daşıyır. Binanın enerji sinfi həmin binada istehlak olunan enerji miqdarının normadan kənarlaşması ilə müəyyən edilir. Lakin bunun üçün əvvəlcə binaların təyinatından asılı olaraq həmin binalarda hər kvadrat metr üçün minimum enerji istehlakı norması təsdiq edilməlidir. Bu məqsədlə hazırda qüvvədə olan tikinti norma və qaydaları binalarda enerji effektivliyinin təmin edilməsi məqsədilə təkmilləşdirilməli və onların əsasında enerji sərfinin hesablanması metodologiyası təsdiq edilməldir. Metodologiya istər layihələndirilən, istərsə də mövcud binada istehlak olunacaq və ya olunan enerji miqdarının və onun normadan nə qədər kənarlaşdığını, bununla da binanın A, B, C, D və ya E sinfinə aid olduğunu müəyyən etməyə imkan verəcək.

Enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların daha enerji effektivliyi, enerji qənaətli tikilməsinə gətirib çıxaracaq. Belə ki, enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edir və enerjinin istehsalı və istehlakı zamanı yaranan istixana qazlarının havaya atılmasını da azaldır”.