Biznes qurmaq üçün Rusiyanın hansı bölgələri idealdır?

10:26 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın aparıcı pərakəndə satış şəbəkələri "Pyatyorochka" və "Avito Nedvijimost" fiziki pərakəndə satışda biznes qurmağın ən asan olduğu 20 regionu açıqlayıb. Siyahının başında mərkəzi Sankt Peterburq olan Leninqrad vilayəti, mərkəzi Moskva şəhəri olan Moskva vilayəti, eləcə də Samara, Sverdlovsk və Rostov vilayətləri yer alıb.

Hafta.az-ın yazdığına görə, ekspertlər regionların kommersiya cəlbediciliyini dörd əsas göstərici əsasında hesablayıblar. Bu göstəricilərə biznesə başlamaq üçün uyğun olan ticarət yerlərinin sayı, kvadratmetrə görə orta icarə dəyəri, “Rosstat” statistikasına görə mövcud ticarət müəssisələrinin sayı və "Pyatyorochka" mağazalarındakı orta səbət məbləği daxildir. Bununla da hər bir regionda pərakəndə sektorun rəqabət qabiliyyəti və ödəmə qabiliyyəti öz əksini tapıb.

“Avito Nedvijimost” Kommersiya Daşınmaz Əmlak Kateqoriyasının Meneceri Oleq İzotovun bildirdiyinə görə, pərakəndə satış sektorunda françayzinq açmaq istəyən sahibkarlar üçün hər bir regionda 500-dən çox uyğun sahə var. İzotov həmçinin vurğulayıb ki, elektron ticarət və çatdırılma xidmətlərinin nüfuz səviyyəsi də nəzərə alınmalıdır.

Moskva və Sankt-Peterburqdan başqa, ən çox ticarət sahəsi təklif edən ilk beş regiona Krasnodar, Sverdlovsk və Novosibirsk vilayətləri daxildir. 2024-cü ilin yazında ən sürətlə böyüyən kommersiya icarə sahələri Perm (28 faiz artım), Kaluqa (25 faiz artım), Kursk (24 faiz artım) və Krasnodar (24 faiz artım) olub.

Bir kvadratmetr üçün ən aşağı kirayə qiymətləri Smolensk, Pskov, Bryansk vilayətlərində və Dağıstanda qeydə alınıb. Bu bölgələrdə orta kirayə qiyməti 500 rubl / kvadratmetr (təxminən 5,44 dollar / kvadratmetr) olaraq müəyyən edilib.

Altay diyarı (1953 ticarət müəssisəsi), Pskov vilayəti (3883 ticarət müəssisəsi) və Kursk vilayəti (5529 ticarət müəssisəsi) rəqabət səviyyəsinə görə ən perspektivli regionlar sırasında idi. Bu ərazilərdə ən az ərzaq və ixtisaslaşdırılmış ticarət mağazaları var ki, bu da bazarın doymadığını göstərir.