BMT Myanmaya silah satışını qadağan edən qətnamə qəbul edib

18:21 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Baş assambleyası Myanmada hakimiyyəti ələ keçirən hərbi rejimə silah satışının məhdudlaşdırılması çağırışının yer aldığı qətnamə qəbul edib.

Hafta.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Myanma üzrə Xüsusi nümayəndəsi Kristin Şraner Burgener öz çıxışında bu ölkədə genişmiqyaslı vətəndaş müharibəsi riskinin real olduğunu bildirib.

Quruma üzv olan 119 ölkə qətnamənin lehinə, Belarus isə əleyhinə səs verib. Rusiya, Çin və İran da daxil olmaqla 26 ölkə bitərəf qalıb. Onlar bunu Myanmanın daxili işi hesab edir və qətnamələrin vəziyyətin yaxşılaşmasına xidmət etməyəcəyini düşünürlər.

Qeyd edək ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin nəzarətinə keçib. Hərbçilər bir il müddətinə ölkədə fövqəladə vəziyyət rejimi elan edib və ölkədə yeni nazirlər kabineti formalaşdırıb. 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham edilən Prezident Vin Min və digər yüksək vəzifəli məmurlar həbs olunub. Ölkə əhalisi fevralın əvvəlindən başlayaraq hərbi çevriliş əleyhinə aksiyalar keçirir, təhlükəsizlik qüvvələri isə etirazların qarşısını almağa çalışır. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində yüzlərlə insan həlak olub, 250 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Oxunma sayı 510