Böyük Britaniyada 16 yaşdan aşağı şəxslər üçün sosial media istifadəsinin qadağan edilib-edilməməsi ilə bağlı ictimai məsləhətləşmələrə bazar ertəsi start veriləcək.
Hafta.az xəbər verir ki, hökumət qərar qəbul etməzdən əvvəl gəncləri, valideynləri və qəyyumları rəy və təkliflərini təqdim etməyə dəvət edib.
Sosial media üçün minimum yaş həddi ilə bağlı müzakirələr ötən il Avstraliya hökumətinin uşaqların “Instagram”, “Snapchat” və “TikTok” kimi platformalardan istifadəsini qadağan etməsindən sonra daha da aktuallaşıb.
Texnologiya naziri Liz Kendall bildirib ki, məsləhətləşmələr gənclərin sürətli texnoloji dəyişikliklər dövründə necə inkişaf edə biləcəyini müəyyənləşdirməyə kömək edəcək.
Hökumət yalnız tam qadağa məsələsini deyil, daha yumşaq tədbirləri də ictimai müzakirəyə çıxarır. Təkliflərə platformalarda sonsuz sürüşdürmə və avtomatik video başladılması kimi asılılıq yaradan funksiyaların deaktiv edilməsinin məcburi edilməsi, uşaqların yuxu rejimini yaxşılaşdırmaq üçün gecə saatlarında məcburi onlayn məhdudiyyətlərin tətbiqi, həmçinin süni intellekt çatbotlarından istifadəyə məhdudiyyət qoyulub-qoyulmaması kimi məsələlər daxildir./BBC/