“Bu gün xalq öz liderini böyük sevgi ilə anır” – SORĞU

17:24 12.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün ümummilli lider, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anım günüdür.  Azərbaycan xalqı öz liderini Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin qeyd olunduğu bu günlərdə daha böyük sevgi, məhəbbətlə anır.

Hafta.az  bu gün  ictimai-siyasi nümayəndələrin xatirələrində ulu öndərin keçdiyi tarixi yola  bir daha nəzər salacaq.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan xalqının Ulu Öndərimizin əziz xatirəsini minnətdarlıq və böyük ehtiramla yad etdiyini deyib.

“Dekabrın 12-si böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu Öndərimizin əziz xatirəsini minnətdarlıqla və böyük ehtiramla yad edir. Heç tərəddüdsüz demək olar ki , bu günün  müstəqil və qüdrətli Azərbaycanı, böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. Hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur. Ulu Öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə - respublikamız Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var. Bu da ondan ibarətdir ki, hər iki dövrdə O, Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, onun mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub. Bu gün Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən böyük ziyalı ordusunun yaranmasında Heydər Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan ədəbiyyatının inkişafında, mədəniyyət, ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji repressiyalarından qorunmasında böyük xidmətləri olub. Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin milliliyə və milli dəyərlərə xüsusi önəm verməsi ölkəmizin həyatında mühüm rol oynayıb. Bu gün biz paytaxtımız Bakı haqqında danışanda onu Azərbaycanın milli şəhəri kimi təqdim edirik. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ötən əsrin 70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri kimi tanınan bir şəhərin daha sonralar milliləşdirilməsi olub. Müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, güclü ordu quruculuğu, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, səmərəli xarici siyasətinin əsasları da məhz böyük dövlət xadimi tərəfindən qoyulub. Ən əsası, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması da Heydər Əliyev  siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Bütövlükdə, əgər biz Azərbaycan tarixində Heydər Əliyev dövrünü xarakterizə etsək, deyə bilərik ki, bu, Azərbaycan xalqının sosial-siyasi tarixində milli neokonservatizm dövrüdür. Yəni bu, həm cəmiyyətin tarixi, milli ənənələrinin qorunması, həm də onun üzərindən yeni dəyərlərin mənimsənilməsi və qəbul edilməsi mərhələsidir ki, bu da müasir Azərbaycanın sosiokulturoloji və etnokulturoloji strukturunun yaranmasında əvəzedilməz rol oynayıb. Bir sözlə, Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı  bunu çox yüksək qiymətləndirir. Çünki illər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev  bildirib ki, Heydər Əliyev ölkənin elə günündə hakimiyyətə gəldi ki, prezidentlik iddiaçıları çox, bu yükü ləyaqətlə apara bilənlər isə yox idi.

“O sübut etdi ki, dövlət idarəçiliyi əyləncə axtaran həvəskarların işi yox, yalnız əsil peşəkarın görə bildiyi çətin işdir, sistemli daxili və xarici siyasətdən kənarda dövlətçilik qurula və yaşaya bilməz.

 Həmişə açıq demişəm ki, şüarçı məddahlar yox, analitik düşünən təmkinli təbliğatçılar Heydər Əliyevin işinə daha çox faydalı ola bilərdilər.Onun çevrəsində belələrinin sayı olduğundan da çox olsaydı, nəticələr daha böyük olardı... Hakimiyyətə gələndən cəmi il yarım sonra  onun haqqında dünyada ilk kitabı mən yazdım. Vicdanımın hökmü ilə, əvəz ummadan , qarşılıq gözləmədən yazdım.  Nə əldə edib-etmədiyimi azacıq vicdanı və ədalət hissi olanlar daha doğru bilir. Ancaq mən bu kitabı nəsə  əldə etmək üçün yox, Heydər Əliyevin üzərinə götürdüyü missiyanı daha kamil yerinə yetirməsinə öz töhfəmi vermək üçün yazdım.

Sonradan yazılmış yüzlərlə kitabların hansısa töhfəni verib-vermədiyini bilmirəm, ancaq öz müəlliflərinə nələrsə " verdilər".. Əsas odur ki, dövlətimiz gücləndikcə , Heydər Əliyevin qurucu lider kimi müstəqillik tariximizdə necə önəmli rol oynadığı o qədər təsdiqlənir.... Səmimi kitab yazanlar da, konyukturaçılıqla yazanlar  və sonradan "mən də orda idim" deyənlər də, 90-cı illərin əvvəllərindən Heydər Əliyevin yolunda və yanında olanlar da, sonradan "post faktum qəhrəmanlar" kimi hekayələr uydurub  yaxa -bacasını cıranlar da, mandat , vəzifə , pul-para ələ keçirənlər də, sonradan əmələ gələn dil pəhləvanları da  -hər kəs təsdiqləyir...”

 Milli Məclisinin deputatı Elman Nəsirov  bildirib ki, Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan Böyük Azərbaycanlıdır. Bu unukal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur.

“O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası  hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı.  Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olmayaraq  bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır.

Heç kəsə sirr deyildir ki, ulu öndər  1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev Prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı müəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və  ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji streotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı ki, “1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda boyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz,  bu dövrün çox qaranlıq səhifələri də var-37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamnada o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat omasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi?. Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz.”  Bu obyektiv movqeyi ilə ulu öndər  Heydər Əliyev bir daha paklıq zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayanırdı. Xalqın gözü tərəzidir. Xalq öz liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran olduğunun fərqində idi və Heydər Əliyevə yeganə ümüd yeri kimi baxirdı.

Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: ”Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir.”

Gənclər qarşısında çıxında isə ulu ondər Heydər Əliyev olkənin təhsil və gənclər siyasəti sahəsində həlllini gozləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun da üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz.

Ulu öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamnada onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Boyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər olkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Eyni zamnada ulu ondər gənclər arasında xoşagəlməz hallarin, o cümlədən sərxoşluq, narkomaniya, ən dəhşətlisi isə fərariliyin artmasından ürək ağrısı ilə danışırdı. “Bilirsiniz adam dəhşətə gəlir. Axı nə üçün  Azərbaycan oğulları fərarı olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin üzünə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir.”

Ulu ondər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bu və digər görüşləri cəmiyyətdə böyük siyasi rezonans doğurdu. Gənclərdə vətənpərvərlik hissləri miqyasagəlməz səviyyədə yüksəldi. Xalqımız bir daha əmin oldu ki, ona elə bir siyasi lider rəhbərlik etməyə hazırlaşır ki, onun polad iradəsi, əzmi və enerjisi sayəsində bütün bəlalardan hifz olacaqımız artıq xulya deyil, bir reallıqdır.

1993-cü il oktyabrın 1-də isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə gorüşdü. Bu görüşün olkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində olkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meylləri güclənmişdi. Xüsusən azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın koklü xalqları deyilsiniz, ikinci sort xalqlar statusundasınız. Əslində bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri  olkənin bütövlüyü və suvernliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, prezident seçiləcəyi təqdirdə o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəmiyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar  siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar.

Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstrimist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər nəticəsiz qaldı. Ulu Yaradan və xalq sevgisi missiyası millətin və dovlətin Xilaskarı olan Heydər Əliyevi hifz etdi. O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr Prezident seçkilərində xalqın 98,8 % səsini toplayaraq hakimiyyəti olimpinin zirvəsinə yüksəlməlkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti  intibahının əsasını qoydu. Bu yerdə bəzi paralellər aparıb, nəzri mülahizələrimizi əsaslandırmağa çalışaq.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır.  Mehriban xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin vəfatının 17-cı  ildönümünü  onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.  Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.  Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı  üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb,  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq  siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəsi  təmin edilmişdir. Ordumuz Vətən qarşısında  xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı  mahiyyəti səbəbindən  bütün bunlardan məhrumdur.

Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı  müdafiə etməsi, dost  Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı,  Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə  işğal altındakı  bütün ərazilərimizi  öz  əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır.

Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ  bizimdir!  Qarabağ Azərbaycandır!”

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ulu öndərin hər anım günü,  yenidən doğulması günüdür.  Və zamanın dəyişə bilmədiyi yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbətidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.

“Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”. 

Budur, ulu öndərin arzuları onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla gerçəkləşdi.  Ulu öndər  Azərbaycanın tarixində, taleyində,  ümumiyyətlə  həyatında  müstəsna, əvəzolunmaz rol oynamış dahi şəxsiyyətdir.  Bu gün ulu öndərin anım gününü qeyd edirik. Mən dəfələrlə demişəm, bu gün də qeyd etmək istərdim ki, Azərbaycan üçün ulu öndərin yalnız doğum tarixi var. O Azərbaycan üçün əbədi var. Azərbaycan durduqca ulu öndrimiz var olacaq, ideyaları  yaşıyacaq. İki gün öncə qeyd ediyimiz Qələbə Paradını  məhz ulu öndərin ideyaları üzərində gerçəkləşdi.

Hər bir fağır vətəndaşın həyatında onun müstəsna rolu var.  Əgər Heydər Əliyev olmasaydı, bu gün Azərbaycanın mövcudluğundan, varlığından söhbət gedə bilməzdi.  Heydər Əliyev Azərbaycanımızı qorudu, Azərbaycanımızıı məhv olmaqdan xilas elədi.

Bu gün də Heydər Əliyev siyasətini möhtərəm Prezidentimiz yüksək xəttlə davam etdirir. Heydər Əliyev Azərbaycanı güclü dövlət kimi görmək istəyirdi, Azərbaycanı daha da qüdrətlənməsini istəyirdi. Bu siyasət hər birmizin həyatında, fəaliyyətində özünü əxz elətirir. Harda oluruqsa olaq, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşəcək.  Bizim də borcumuz bu siyasəti yüksək əzmlə reallaşdırmaq,  dəstək olmaq, Azərbaycanı dünyanın ən qüdrətli ölkəsinə çevirməkdən ibarətdir”.