Rusiyada yerləşən “Ekspert RA” reytinq agentliyi xəbərdarlıq edib ki, Rusiyada 15 bank 2024-cü ildə lisenziyalarını itirə bilər. Fevral ayında Mərkəzi Bankın qərarı ilə iki bankın lisenziyası ləğv edilib.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, hazırda Rusiyadakı 322 bankdan bəziləri çətin vəziyyətdədir.
“Ekspert ER”in prezidenti Kseniya Yakulkina bazarı tərk edəcəyi gözlənilən bankların yarısının lisenziyalarının Mərkəzi Bank tərəfindən ləğv olunacağını, digər yarısının isə bazardan “könüllü” çıxacağını bildirib.
“Ekspert ER”ə görə, lisenziyanın ləğvi əsasən ilk 100-dən kənarda qalan banklara təsir göstərə bilər.
Mərkəzi Bankın sədr müavini Olqa Polyakova martın 1-də bankirlərlə görüşdə bu il nəzarətin əsas istiqamətinin “yüksək riskli əməliyyatlar” olacağını açıqlayıb. Poyakova “Çətin dövrlər olsa da, problemlərə göz yummuruq. Maliyyə sisteminin sabitliyi bizim mütləq prioritetimiz olaraq qalır” deyib.
Maliyyə eksperti Andrey Barxota iddia edib ki, Mərkəzi Bankın diqqəti ilk növbədə “aktivlər baxımından ikinci 100 bank siyahısındakı, pulun kripto hesablarına çevrilməsi və qeyri-qanuni pul köçürmələri ilə fəal məşğul olan bəzi qurumlara” yönəlib.