"ABŞ Cənubi Qafqaz siyasətini prioritet elan edib və regionla bağlı fəaliyyətində strateji mərhələyə keçib".
Bunu Hafta.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Ekspert ötən ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanmasını, eləcə də TRİP layihəsi ilə bağlı üçtərəfli razılaşmanın əldə olunmasını xatırladaraq qeyd edib ki, bununla regionda yeni proseslərin əsası qoyulub.
“ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət yürüdəcək. Yeni dünya siyasi nizamında hər iki regionun Rusiyanın tam təsir zonasından çıxarılması Vaşinqtonun əsas strateji hədəflərindən biridir. Cənubi Qafqazda Gürcüstanla bağlı məsələlər də gündəmdədir. Ötən həftə ABŞ Konqresinin nümayəndə heyətinin Gürcüstana səfəri bunu bir daha təsdiqlədi”, – deyə o bildirib.
M.Əsədullazadə əlavə edib ki, ABŞ vitse-prezidenti Devid Vensin Azərbaycan və Ermənistana səfəri yekun sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsi, TRİP layihəsi üzrə praktiki mərhələyə keçidin təmin olunması və hər iki ölkəyə siyasi dəstəyin göstərilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Vaşinqton bu addımlarla Azərbaycan və Ermənistan arasında sülhün əsas təminatçılarından biri olduğunu nümayiş etdirir.
Ekspert vurğulayıb ki, ABŞ vitse-prezidentinin Ermənistandan sonra Azərbaycana səfəri iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədlərin strateji xarakterli olması da istisna edilmir:
“Cənubi Qafqaz regionu yeni siyasi və iqtisadi mərhələyə qədəm qoyur. Bu mərhələdə ABŞ-ın siyasi dəstəyi açıq şəkildə hiss olunur. Vaxtilə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasına göstərilən siyasi dəstək bu gün müxtəlif istiqamətlər üzrə davam etdirilir. Faktiki olaraq, ABŞ TRİP layihəsi vasitəsilə regionda institusional şəkildə təmsil olunacaq”.
M.Əsədullazadə hesab edir ki, regionda baş verən bu proseslərin əsas təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda siyasi və iqtisadi transformasiyanın təmin olunması məqsədilə ardıcıl, praqmatik və məntiqli siyasət həyata keçirilib:
“Cənubi Qafqaz və Mərkəzi Asiyanın eyni marşrut üzrə birləşdirilməsi region ölkələrinin təhlükəsizliyi və dayanıqlı inkişafı üçün mühüm amilə çevrilir. Rusiyanın regionda gedən proseslərə münasibəti isə birmənalı deyil. Moskvanın mümkün təzyiq cəhdlərinə baxmayaraq, bunun ciddi nəticə verəcəyi real görünmür”.
Tahirə Qafarlı