Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək.
Qeyd edək ki, bu, Mərkəzi Bank tərəfindən təsdiq edilən “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulub.
Qaydaya əsasən, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Mülki Məcəlləyə uyğun olaraq bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verilir. Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir. Təşkilatın məcmu kapitalı Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilə bilməz. Həmçinin, verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10 faizdən çox ola bilməz.
Qeyd edilib ki, kredit verildiyi tarixdən 2 ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10 faizini aşdıqda təşkilat tərəfindən kredit verilmir. Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Mövzu ilə bağlı bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bizimlə söhbətində deyib ki, bu barədə qanun ötən il noyabrın 9-da qüvvəyə minib: “Yeni qanunda bütövlükdə ödəniş xidmətləri və sistemləri üzrə geniş tənzimləmələr var, həmçinin ödəniş və elektron pul təşkilatlarının statusu da müəyyən edilib. Bu təşkilatların xidmətlərindən bu günə qədər də gündəlik həyatımızda istifadə edirdik, məsələn, elektron pul, internet ödənişləri, pul kisələri. Lakin fəaliyyətləri tənzimlənməmişdi, indi isə bununla Mərkəzi Bank məşğul olacaq. Yeni qanunda bu təşkilatlara kredit vermək səlahiyyəti də verilib. Bu, vətəndaşlar üçün üstünlükdür. Hamımızın evində elektron qaz sayğacları var. Bəzən kartda pul bitəndə, az miqdar borc da götürürük sayğacdan. Bu da eynilə, tutaq ki, siz hansısa ödəniş sistemindən daimi istifadə edirsiniz. Təcili ödəniş etmək lazım gələndə, amma pulunuz çatmayanda sistem sizə kiçik məbləğdə borc verə biləcək. İndiyə qədər belə bir mexanizm yox idi, krediti ya bank ya da bank olmayan kredit təşkilatları verirdi. Bu yeniliyin tətbiqindən bir neçə ay sonra nə dərəcədə effektiv olub-olmaması barədə fikir yürüdə biləcəyik”.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayıb ki, bu qərar lombard bazarında olan yüksək faizlərin qismən aşağı düşməsinə, insanların lombardlardan asılılığının qismən azalmasına gətirib çıxaracaq: “Qismən deməyimin səbəbi məbləğin hələlik 50 manatla məhdudlaşdırılmasıdır. Hesab edirəm bu, pilot xarakterli ola bilər. Gələcəkdə bu məbləğ artırıla bilər. Amma bugünkü şərtləri və müvafiq təşkilatların imkanlarını da nəzərə alsaq bu məbləğ də qaneedicidir. Azərbaycanda maliyyə sıxıntıları olan insanlar üçün bu kimi layihələrin reallaşdırılmasına, eyni zamanda biznes planların nəticələrinin də gələcəkdə analiz edilməsinə və dövlət tərəfindən müvafiq istiqamətdə əhalinin rifahının gücləndirilməsi proqramlarının hazırlanmasına ehtiyac var”.
Ekspert bildirib ki, əsas məsələ maliyyə bazarları oyunçularının fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsidir: “Qərarın məqsədi bazarda müəyyən qədər daha rəqabətli mühitin yaradılmasıdır. Çünki əsas məqsəd məhz ödəniş təşkilatlarının. elektron pul köçürmə xidməti göstərən təşkilatların kredit vermə səlahiyyətinin yaradılması idi”.