Bukingem sarayının ərazisinə ov patronu atan şəxs həbs edilib

09:45 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərə kralı III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasiminə bir neçə gün qalmış Bukingem sarayının ərazisinə ov tüfəngi patronu atmaqda şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilib.

Hafta.az-ın yazdığına görə, London Polis Xidməti, Bukingem sarayının ərazisinə ov patronu olduğu ehtimal edilən əşyanı atan şəxsin saray xaricində saxlanıldığını qeyd edib. "Polislər həmin şəxsin saxlanılması üçün dərhal tədbir görüb və o, saxlanılıb. Yaralanan və ya xəsarət alan barədə məlumat qeydə alınmayıb", - məlumatda deyilir. 

Polisin açıqlamasında bildirilir ki, bu şəxs həbs edildikdən sonra ehtiyat tədbiri olaraq saray xaricində idarə olunan partlayış baş verib.

Hadisə ilə bağlı istintaqın davam etdiyinə dair məlumatların yer aldığı açıqlamada bildirlib ki, patronunu saraya atan şəxsdə şübhəli çanta olub və ekspertlər orada axtarış aparıb. Yerli vaxtla axşam saat 19:00-da baş verən hadisədən sonra sarayın ətrafı mühasirəyə alınıb.

Kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı tarixi Westminster Abbey kilsəsində keçiriləcək.