Bülletenə çıxan xəstə işçisini izləyən müdir saxlanıldı

09:50 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyada xəstəliyi ilə bağlı məzuniyyətində olan işçisini izləmək üçün avtomobilinə GPS cihazı yerləşdirən iş adamı saxlanılıb.

Hafta.az-ın yazdığına görə, rəhbəri ilə uzun müddət mübahisə etdiyi üçün narahatlıq diaqnozu qoyulduqdan sonra bülletenə çıxdığını deyən işçi, avtomobilini yuyarkən onun altına quraşdırılan izləmə cihazını gördüyünü bildirib.

İspaniyanın "Antena 3" telekanalına danışan işçi, "Avtomobilin altına əyiləndə plastik hissənin qırıldığını və bu cihazın yerləşdirildiyini gördüm" deyib.

Bildirilib ki, Sevilyada saxlanılan iş adamı şəxsi həyatın toxunulmazlığını pozmaqda ittihamlanacaq. Polis iş adamının saxlanılaraq polis maşınına mindirilməsinin görüntülərini yayımlayıb.

Prokurorluq bildirib ki, avtomobildəki GPS qurğusunda Sevilyadan yüzlərlə kilometr uzaqda yerləşən Saraqosa şəhərində qeydiyyatdan keçmiş şirkətə məxsus SİM kart olub. Bildirilib ki, saxlanılan iş adamı SİM kart müqaviləsi ilə bağlı sənədləri saxtalaşdırmaq və əmlaka ziyan vurmaq ittihamları ilə də mühakimə olunacaq.

"Belə bir şey başıma daha əvvəl gəlməmişdi və bu, çox etibarsızlıq yaratdı. Xüsusilə də xəstəlik məzuniyyətində olduğumu nəzərə alsaq, bu hər şeyi daha da pisləşdirdi və narahatlığımı artırdı" işçi deyib.